anım mayalı; 40 ildir xatirələrdə yaşayan Əliağa Kürçaylı
Deməli, sözə bir az qarayavız – minorla başlamalı...
Məsələn, özünü oxuculara həddən çox sevdirmiş bu şair fərqinə varmırmış ki, bu gəlimli dünya həm də gedimlidi...
Buna dair nümunələrdən biri bu ki, bir vaxt “Belə ola həmişə” yazmış (və elə ovaxtdan doyulmaz mahnıya çevrilmiş) bu şair nəzərə almayıb ki, bu sözlər onun fanat-vurğunlarının təsəvvürlərində cismani yoxluğuna da assosiasiyalana bilər…
Hələ bu Məcnun-Atanın ölümünə qızının Leyli fədailiyi…
Bu məqamda sözü şairin…çox “insafsız” tələbə və çox fədakar ömür-gün yoldaşı Şəhla xanımın “Xatirələr”inə (sonluğuna) verək;
“...Gün gəldi ki, Əliağa xəstəliyə tutuldu. Uzun çəkən müalicələr bir səmərə vermədi. Bu dünyaya gəldiyi ayın 52-cisində köçdü... İyirmicə dəqiqədən sonra isə xəbər gəldi ki... sən demə, içində atasının ölüm anını intiharla qarşılamağa hazırlaşmış qızımız özünü dənizə atıb...
Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər...
“Vağzalı”yla gəlin köçürmək arzusunda olduğumuz Ülkərimizi elə həmin sədalarla son mənzilinə apardılar...”
Zaman bu kimi şəxsi, ailəvi-qövmi acıları, əlbəttə, ovudacaq, boyatlaşdıracaq və yerini – heç vaxt köhnəlməyəsi, daim gələcəyə, bəşəri yaşama səsləyəsi poetik sözlərə, fikirlərə verəcək ki, onlardan biri də bu şairə məxsus:
Qüssəli çağlarında
Sənin dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə...
Demək, hələ mən varam!...
Bu varolma –
bu sənətkarın, “poeziya köhləni”nə süvar olanadək həyat-yaşam yüyənini tamamilə tale ümidinə buraxdığı ilk gənclik illərindən başlanıb.
Lap yaxın gələcəkdə bəlli ad-san qazanası bu şair məktəbi doqquzuncu sinifdən buraxaraq, doğulduğu Salyan şəhərində fəhlə, bir neçə ay da (müharibənin qurtarmasına yaxın) Salyan Dram Teatrında baş mühasib işləyib.
“Hesab-çötkə” işlərilə məşğul olmuş bu oğlan poeziya aləminə “Sənin gözlərin” şeirilə qədəm qoyur. Və onun nəinki mühasib, hətta yaşının hələ iyirmiyə çatmadığından xəbərsiz oxucular arasında bu imzanı səbirsizliklə gözləyənlər, bu barədə redaksiyaya “hörmətli məktub” yazanlar da olur. Onu Salyan radio qovşağına redaktor təyin edir, gənc yazıçıların I respublika müşavirəsinə nümayəndə seçirlər. Dolanışıq üçün yarımçıq buraxdığı orta təhsilini Bakıda “Fəhlə-gənclər orta məktəbi”ndə tamama yetirir... Sonralar “Kommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Azərbaycan” qəzet-jurnallarında şöbə müdiri, məsul katib, 1978-dən ömür sonunadək (11 fevral 1980) “Yazıçı” nəşriyyatında baş redaktor...
Qalanı
Şəhla xanımın çox geniş, böyük səmimiyyət və sədaqət dolu “Xatirələr”ində:
“Taleyimizdə bənzərlik də vardı. Müharibə dövrünün uşaqlarıydıq; bu dünyanın dərd-sərləri hər ikimizə tanış idi. Evin böyük oğlu, davadan qayıtmamış ata həsrətlisi Əliağa kiçik yaşlarından işləməli, başıpapaqsız evə qazanc gətirməli olub. Mənim atam Cabbar Qaryağdıoğlu isə müharibə illərində ərzaqla xüsusi təmin olunanlardan idi.
Tale belə gətirir ki, Əliağanın “Azərbaycan gəncləri”ndə çıxan ilk şeiri böyük şair S.Vurğunun diqqətini çəkir və onu Bakıya çağırtdırır, ədəbi yığıncaqda bu gəncə də söz verir. Əliağanın “Danışım, ya şeir oxuyum?” sualından çox xoşlanan şair “Harda oxuyursan?” sualına “Oxumuram, dəmir yolunda fəhlə işləyirəm” cavabını alanda, “Gəl, səni düzəldək universitetə” – deyir. O isə başını aşağı salıb, kədərlə dillənir: “Götürməzlər, kamal attestatım yoxdur, 9-cu sinfi bitirmişəm”. “Onda gəl Bakıya, burda onuncu sinfi bitir, sonra universitetə daxil olarsan”.
“Əliağa bizim məktəbə gələndə dərslər çoxdan başlanmışdı. Bir gün sinifdə yer çatışmadığından, partalarda üç-üç oturmuşduq. Mənim bütün diqqətim müəllimdə ikən, parta yoldaşım dirsəyilə qoluma toxundu: “Şəhla, gör, birinci sıradakı o oğlan sənə necə baxır!”
Günlər keçir, bir müddət sonra şəninə “Harda olsan, gələrəm, Təki sən səslə məni” yazacağı bu qızsa onun məktublarını gah cırıb atır, “oğrun baxış, aşkar müraciətlər”inə əhəmiyyət vermir.
Yaxın olsun, ya uzaq,
Dərə olsun, ya da dağ.
Məni kim saxlayacaq –
Təki sən səslə məni!...
Hər ikisi ADU-ya (BDU) qəbul olunub, üz-gözləri bir-birinə təzəcə öyrəşirmiş ki, Əliağanı Yazıçılar İttifaqına çağırıb deyirlər, səni Moskvaya – M.Qorki adına Ədəbiyyat İnstitutuna göndəririk...
İndi də Moskvadan Bakıya axışan məktublar...
Lakin “dünyanın saf incisi, qəlbinin birincisi”ndən cavab gəlmir ki gəlmir...
Moskvada imtahanları “eksterni” verib, Bakıya qayıdan Əliağa da girir rektorun qəbuluna, deyir, oranın havası mənə düşmür, təhsilimi burda davam etdirmək istəyirəm...
“1951-ci ildi və mən kitabxanadayam. Qəflətən Əliağa içəri girdi, yanımda əyləşdi və dedi:
- Bir söz deyəcəm, amma durub qaçma!...
- Qaçmaram, de!...
- Bu gün sizə elçi göndərəcəm...
- Mənə nə var? Özün öz ixtiyarındasan...
Nəysə, şair dostları və anası gedirlər bizə. Yeznəmlə bacım bu qəfilliyə xeyli təəccüblənir, deyirlər, “Şəhla hələ də uşaqxasiyyətlidir”, “biz bilməliyik axı, qız razıdır, ya yox?” və s. Elçilər küçəyə çıxıb Əliağadan soruşanda, deyir, Şəhla bu gün elçi gələcəyindən xəbərdardı. Sabahısı Əliağaya gileyləndim: “Sən məni satmısan ki...”
Sözümüzü şairin öz bəndlərilə tamamlayaq; biri bu “gidi dünya”, biri doğma Vətən haqda:
Qəmə sevinc qatır, sevincə kədər,
Bəzən, nəşəsi də ələmdən betər,
Kürçaylı, bu giley, şikayət yetər,
Əzəldən belədir, belədir həyat!
***
Daş var-bu torpaqda sərhəddə dönüb,
Baisi olubdur qəm-kədərin də.
Daşlar Qobustanda şöhrətə dönüb,
Daşlar yetim qalıb Xudafərində...
Tahir ABBASLI