Fevralın 18-də Azərbaycanın görkəmli bəstəkar, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun (1935-2006) yaşadığı binanın divarında barelyefinin açılışı olub.
Açılış mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə Xalq artisti, bəstəkar-müğənni, ictimai xadim Polad Bülbüloğlu, akademik Rafael Hüseynov, Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar və istefada olan polis general-mayoru Kamil Məmmədov çıxış edərək Vasif Adıgözəlovla bağlı xatirələrini bölüşüb, bəstəkarın keçdiyi sənət yolundan bəhs ediblər.
Bildiriblər ki, Vasif Adıgözəlov Bakıda doğulub boya-başa çatsa da, ata yurdu Qarabağı, Şuşanı heç vaxt unutmayıb. Şuşanın, daha sonra bütün Qarabağın ermənilər tərəfindən işğal edilməsi Vasif Adıgözəlovu son dərəcə sarsıtmışdı. Təsadüfi deyil ki, ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. “Qarabağ şikəstəsi” oratoriyası, “Qəm karvanı”, “Şuşam, laylay” əsərləri, üzərində sərasər on bir il işlədiyi “Natəvan” operası Qarabağ həsrətindən yaranmışdı. Bu gün bəstəkarın ölməz əsərləri hələ də erməni əsirliyində qalan Qarabağ dərdini və harayını bütün dünyaya yayır.
Vasif Adıgözəlov musiqisi, eyni zamanda, Azərbaycan xalqının milli qürurundan yoğurulub. Bu qürur millət və vətən sevgisindən, müstəqil dövlətçilikdən, əsil-nəcabətdən, yüksək ziyalılıqdan və əlbəttə ki, şəxsiyyətin arxasında istedadla bərabər dayanan özünəinamından irəli gəlir.
Diqqətə çatdırılıb ki, bəstəkarın yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın (“Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara” və s.), həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala 1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, simfonik poemaların, kamera-instrumental əsərlərinin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və filmlərə yazılmış musiqilərin müəllifidir.
Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər – piano və orkestr, skripka və orkestr, violonçel və orkestr üçün konsertlər yazıb.
Onun yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala 1915” oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış əsərlərdir. Bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Ana” kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür. Vasif Adıgözəlov ictimai fəaliyyəti ilə də tanınıb, Bəstəkarlar İttifaqının sədri (2000-2006) olub.
Sonda bəstəkarın oğlu, Xalq artisti, dirijor Yalçın Adıgözəlov çıxış edərək atasının yaradıcılığına göstərilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Vurğulayıb ki, bəstəkarın 80 illiyi dövlətimizin başçısının müvafiq sərəncamı ilə qeyd olunub. Bu, Vasif Adıgözəlovun sənətinə verilən yüksək qiymətin təcəssümüdür.
Sonra barelyefin üzərindən ağ örtük götürülüb. Barelyefin müəllifi heykəltəraş Aslan Rüstəmovdur.