Mingəçevir Dövlət Dram Teatrı 17-18 fevralda paytaxta növbəti səfərini reallaşdırdı. Sonuncu dəfə 2015-ci ildə bakılı teatrsevərlər qarşısında çıxış edən işıqlı şəhərin teatr təmsilçiləri bu dəfə də yeni tamaşa ilə öz yaradıcılıq imkanlarını nümayiş etdirdilər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Caninin etirafı” adlı ikihissəli məhəbbət odası ilə çıxış edən Mingəçevir teatrının yaradıcı heyəti bu səhnə nümunəsi ilə özünün aktyor potensialını da göstərmiş oldu.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun eyniadlı romanı əsasında hazırlanan (səhnələşdirənlər – Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayevdir.

Rolları Xalq artisti Ella Yaqubova, əməkdar artistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Nəsibxan Əliyev, Elmira İbrahimova, Afət Əliyeva, Qabil İbrahimli, Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva, Könül Hacıyeva, Fəridə Məmmədova, İlqar Rəhimov, Hüseyn Mustafayev, Nargilə Abdullayeva, Paşa Salmanov, Turqut Məsimli, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəliyev ifa edirdilər.

Videomateriallar, tarixi hadisələrlə bağlı xronikalarla zəngin tamaşada hadisələr 90-cı illərin ağır ictimai-siyasi hadisələr dövrünü, müharibənin, sosial-mənəvi problemlərin insanların xarakterində, münasibətlərində qoyduğu izləri əhatə edir.

“Caninin etirafı” 1988-1993-cü illərdə respublikamızda baş verən xaosa, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalına, kreslo uğrunda gedən davaya, səriştəsiz, pula həris adamların hakimiyyət iddialarına, ümumilikdə ağır zamanın yaddaş təhlilinə səhnə təsvirli baxışdır. Kəskin, dramatik süjetli tamaşanın ana xəttində saf insan münasibətləri və onun zamanın sınaqlarında məhvə yuvarlanması da durur. Nakam məhəbbət motivlərini özünəməxsus çalarlarla verən rejissor tamaşaçılara məhəbbətin bütün hisslərin fövqündə durduğunu göstərməyə çalışır.

Süjet xətti Çıraqlı rayonunda yeni, dördmərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə başlayır. İşsizlik, rüşvət, səriştəsizlik, özbaşınalıq və bu kimi neqativ halların baş alıb getdiyi situasiyaya, ümumilikdə həmin dövrün siyasi mənzərəsinə, ölkənin belə ağır vəziyyətində xilaskar rəhbərin xalqın təkidi ilə hakimiyyətə gəlməsinə, küll halında dövrün siyasi xronologiyasına baxış olan səhnə əsəri tamaşaçını yaxın tariximizə səyahətə aparır. Tamaşa faciəli notlarla bitsə də, onu baxımlı edən məqamlar az deyildi. Müəyyən texniki həll nüanslarını, xüsusən vəziyyətin, dramaturji materialın ifadə formalarındakı natamamlıqları nəzərə almasaq, maraqlı tamaşa alındığını demək olar.

Xüsusən aktyorların ifa maneraları, obrazlarının daxili emosiyasını tamaşaçı ilə ünsiyyətə cəlb etmək və beləcə, tamaşanın daha canlı və yüksək tempinə çalışmaq cəhdləri qeyd olunmalıdır. Müəyyən məqamlardakı videoart elementləri, ifadələrin instalyasiyalarla çatdırılması, səhnədə a-kapella ifa maneraları da yaxşı düşünülüb.

Tamaşadan sonra fikirlərini bizimlə bölüşən teatrın direktoru Səxavət Məmmədov ölkədaxili qastrol səfərlərinə böyük önəm verdiklərini və hər səfərin kollektivdə böyük sevinc doğurduğunu bildirdi. Yeni səhnə nümunəsi ilə qonşu şəhər və rayonlarda da çıxış etdiklərini və tamaşanın maraqla qarşılandığını bildirən teatrın direktoru bunu səhnə işinin mövzusu, qaldırdığı problemin həlli ilə əlaqələndirdi.

Hazırda yeni səhnə əsərləri üzərində işlədiklərini əlavə edən S.Məmmədov bu mövsümdə də daha çox dəvətli rejissorlarla işləməyə üstünlük verdiklərini dedi.

HƏMİDƏ