Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi əsərə rejissor Anar Babalı quruluş verir. Tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Yeni səhnə əsərindən danışan Ə.Lalayev deyib ki, o, ötən il Qırğızıstanın Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən “Cəmilə” tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparıb və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlib.
“Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə nəzər salınır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda, əslində, İkinci Dünya müharibəsi illərində arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər tam çılpaqlığı və mürəkkəbliyi ilə göstərilir”, – deyə o bildirib.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Rolları əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – qomuz vasitəsilə musiqilər səsləndiriləcək.