Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının təşkilatçılığı ilə “ANS Müstəqil Yayım və Media Şirkəti”nin sifarişi ilə istehsal olunan “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.

Beynəlxalq aktyor heyətinin iştirak etdiyi filmdə Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin 20 Yanvar səhifəsi bədii təcəssümünü tapıb. Ekran əsərində 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələr bir azərbaycanlı ailəsinin - Nərimanovlar ailəsinin gözü ilə göstərilib.
Nümayişdən sonra çıxış edən baş rol ifaçılarından Tamilla Həmidova və Azər Aydəmir çəkiliş prosesindən danışıb, tamaşaçıların suallarını cavablandırıblar.
Filmin gənclərimizin maarifləndirilməsində mühüm rol oynayacağını deyən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bu ekran əsərinin bizə həmin hadisələrin dəhşətlərini bir daha xatırlatdığını bildirib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin qəhrəmanlıq səhifələrindən biridir. Qeyd edilib ki, bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir.
Sonda ekran əsərinin rejissoru, “Yaddaş”, “Xoca” və s. filmləri ilə də müasir Azərbaycanın kinosuna töhfələr vermiş ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və qurumun vitse-prezidenti Mirşahin Ağayev YAP Nizami rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.