“Aşıq musiqisi axşamları” layihəsində bir əsrlik yubiley
Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli çıxış edərək Dünyamalı Kərəmin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Dünyamalı Kərəmin 1930-cu illərdən başlanan yaradıcılığına, yazdığı şeirlərə nəzər saldıqda müəllifin hər dövr üçün bir rəngarənglik yaratdığını görürsən. Yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün nəbzini tutmağı bacarmalıdır.
100 yaşlı yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından, uzunömürlülüyünün sirrindən söz açılıb, sənətkarın gənc yazarların yetişməsində, mədəniyyətimizin, ədəbiyyatımızın təbliği və inkişafında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərində xidmətlərindən bəhs edilib.
Sonra yubilyar səhnəyə dəvət edilib. Dünyamalı Kərəm 100 yaşının qeyd edilməsini şair ömrünə, şair adına, şair yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirib. Uzunömürlülüyünün sirrini isə bir fikirlə ifadə edib: “Hər kəs yüz il yaşamasa, günah onun özündədir”.
Aşıq Güllü Eldar Tomarlının aparıcılığı ilə keçən gecədə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun yubilyara təbrik məktubu oxunub. “Ulduz” jurnalının bədii redaktoru Ədalət Həsən və “Aşıq Pəri məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu yubilyarı təbrik edib, yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Ədalət Nəsibov adına Musiqi tədris mərkəzinin aşıqları çıxış ediblər.
L.AZƏRİ