Fevralın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ölkəmizdə 1956-cı ildə ilk televiziyanın yaranmasından, eləcə də 2011-ci ildə efir həyatına başlayan “Mədəniyyət” kanalının fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da maraqla baxılır. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı mədəniyyətimizi təbliğ edir, eləcə də dünya mədəniyyəti incilərini tamaşaçılarına çatdırır.

Sonra proqram bədii hissə ilə davam edib. Konsertdə Azərbaycan Televiziya və Radiosunun Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, “Fantaziya” skripkaçılar ansamblı, “Təbəssüm” rəqs qrupu çıxış edib. Proqramda Tofiq Quliyevin “Bizim bağ”, “Rəqs” və s. musiqi nömrələri təqdim olunub. Konsert Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.