“Sami Yusuf nəfs səhrasında azıb qalmış ruhların hidayət ulduzudur” adlı məqalənin müəllifi Nuha İbrahim Salimdir.
Mahir bir kapitan bizi nur dənizinin ənginliklərində üzdürməyi yaxşı bacarar. Mahir bir dənizçi imanı və ülvi qayəsi ilə duzlu suyu məhəbbətə və sülhə susamış ürəklərin içəcəyi şirin suya çevirə bilər, çirkli reallığı hər cür pislikdən təmizləyər, ürəklərimizin rahatlıq tapdığı ruhi gözəlliyə çatdırar. Bu şəxs özünəməxsus səsi olan sənətkar, musiqiçi, bəstəkar, dini musiqilərin ifaçısı, Böyük Britaniya vətəndaşı, əslən azərbaycanlı Sami Yusufdur.
Bu sözlər Sudanın “əl-Vatan”, “əl-Vatr əl-Sabi”, “əl-Manar” qəzetləri, “Tryaq nyuz” və “Mufakərə” portallarında məşhur soydaşımız haqqında dərc edilmiş yazıda vurğulanır.
Müəllif Nuha İbrahim Salim məqalədə diqqətə çatdırır ki, Sami Yusuf müsahibələrinin birində əsl adının Siyamək olduğunu bildirib. Deyib ki, dostları və müəllimləri onu Sam, sonralar isə Sami çağırıblar. Yusuf adını isə peyğəmbərimiz Yusuf əleyhissalama vurğunluqdan qəbul edib.
Sami Yusuf 1980-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub. Musiqiyə uşaq yaşlarından böyük maraq göstərib. Xüsusilə, atasının xanəndə, musiqiçi, eyni zamanda bəstəkar və şair olması onda musiqiyə dərin həvəs oyadıb. Bir müddət sonra Böyük Britaniyaya köçüb. Müxtəlif musiqi alətlərində ifa etməyə başlayıb, zaman keçdikcə davamlı məşq və sonsuz həvəsi nəticəsində misilsiz səsə malik mahir ifaçıya və bəstəkara çevrilib. İstedadı onu Londondakı Kral Musiqi Akademiyasına gətirib çıxarıb.
Musiqiyə bağlılığı, musiqi ilə nəfəs alması onu hədəfinə çatdırıb. Bütün bunlar Sami Yusufu klassik və müasir Qərb musiqisini, fars, türk, Azərbaycan ritmlərini, ərəb məqamələrini, Yaxın və Orta Şərq təranələrini, Afrika və Şərqi Asiya nəğmələrini, Şimali və Cənubi Amerika mahnılarını – bir sözlə, musiqinin bütün gözəlliyini dərindən duyan şəxsə çevirib. O, ingilis, ərəb, fars, Azərbaycan, urdu, türk dillərində mahnılar oxuyur.
Yazıda vurğulanır ki, Sami Yusuf dini, imanı ilə fəxr edir. O, bununla Qərbdə, xüsusilə 11 sentyabr (2001) hadisələri zamanı İslama qarşı formalaşmış baxışları və ona yönələn ittihamların dəyişməsinə töhfəsini verib. Minlərlə insanı cəm edən konsertləri, milyonlarla tirajla satılmış mahnı albomları (“Müəllim” (2003), “Anam” (2005), “Sənsiz” (2009), “Harda olursan ol” (2010), “Salam” (2012), “Cövhər” (2014), “Yol mahnıları” (2015), “Bərəkət” (2016), “Sami” (2018), “Sevinc” (2019) ilə milyonların könlünü oxşayıb. O, həmçinin müsəlmanların Qərblə bağlı ədalətsiz baxışlarının müəyyən qədər dəyişməsinə nail olub. Müğənni-bəstəkar xalqlara, mədəniyyətlərə, dinlərə, adət-ənənələrə ehtiramı sayəsində, onlar arasında ruhi və fikri bağlantı yaratmağa olan yorulmaz fəaliyyəti nəticəsində bu uğurlara imza atıb. Onun musiqisini, ifasını, seçdiyi qəzəllərini dinlədikcə bunu hiss edirsən.
Məqalədə daha sonra deyilir: “Əlbəttə, onun öz azərbaycanlılığı ilə fəxr etməsini qeyd etməyi də unuda bilmərik. Bu hiss onun əksər işlərində, Azərbaycanda təşkil etdiyi konsertlərdə, iştirak etdiyi festivallarda özünü göstərir. Bu festivalların ən yaxşılarından biri şair Nəsimiyə həsr edilib”.
Müəllif Sami Yusuf 2019-cu ildə “Nəsimi ili” çərçivəsində təşkil olunmuş II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirakı, həmçinin UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimindəki möhtəşəm çıxışından da bəhs edir: “Bu tədbirdə yerli və xarici musiqiçilər, yaradıcı insanlar iştirak ediblər. Sami Yusuf təqdim etdiyi mükəmməl “Nəsimi” musiqisi ilə şairin fəlsəfəsini, fikrini elə əhatə edib ki, insanları öz keçmişinə qaytarıb, onlarda Nəsimiyə bağlılıq hisslərini oyadıb. İmadəddin Nəsimi ilə Sami Yusufu bir-birinə bağlayan şeh damlası kimi şəffaf, pak dünyalarının olmasıdır...
Onun “Qobustan” adlı musiqi parçası da maraqlıdır. Qobustan Azərbaycanda qədim tarixi yerdir. Orada mövcud olan 6 mindən çox qaya rəsmləri 20 min il bundan əvvəl yaşamış qədim insanların həyatını təsvir edir. “Qobustan” adlı mahnıya qulaq asan şəxsin gözü qarşısında o dövrün həyatı... canlanır”.
Yazıda daha sonra deyilir: “Yaxşıdır ki, bütün bu şan-şöhrət Saminin xeyriyyəçiliyə olan sevgisini, zəiflərə diqqətini əlindən ala bilməyib. Əksinə, onun rəhm, xeyirxahlıqla dolu xasiyyətini daha çox gücləndirib. O, BMT və Uşaqlara Yardım Fondunun (The Save the Children Fund) himayəsində olan xeyriyyə təşkilatları ilə birlikdə xeyirxah fəaliyyətlər göstərib... Beləliklə, bu gənc nurlanma yolunda daim ucalan, paklanan bir qəlblə hər yerdə parlaq simaya çevrilib. Bütün bu sadalananlar onun özəlliyini və əsrarəngizliyini qeyd etməyə kifayət etmir. Onun özü haqqında bir dəfə dediyini qeyd edək: “Ruhumla səfərə çıxıram. Bu səfəri ruhumdan başlayıram”.