Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) müvafiq sahələr üzrə tədqiqat yönlü layihələrin təşviqi istiqamətində əməkdaşlarının elmi işlərinin müzakirələrini keçirir.
Fevralın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində MEMİM-in Bədii təhsil şöbəsinin əməkdaşlarının elmi işləri ilə bağlı dinləmələr təşkil edilib.
Öncə qonaqlar muzeylə tanış olublar.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın giriş sözündən sonra Fəridə Kərimovanın “Şifahi ənənəli Azərbaycan professional musiqisində modal ritmikanın təzahür formaları”, Lalə Musayevanın “Vasif Adıgözəlovun “Novruzum” kantatası” adlı elmi işlərinin müzakirəsi keçirilib.
Müzakirələrdə MEMİM-in direktor müavini Natiq Mustafayev, elmi katib Cavid Əliyev, opponentlər isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Milli Konservatoriya nəzdində A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Aytən Babayeva və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Gülmira Qəhrəmanova iştirak ediblər.
Yekunda çıxış edən mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, elmi işlərin müzakirələrinin keçirilməsində əsas məqsəd əməkdaşların elmi potensiallarının inkişaf etdirilməsi, onların elmi dərəcələrinin artırılması üçün stimulun yaradılmasıdır. Bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı da elmi bazasının zənginləşdirilməsi və bu potensialdan istifadə olunması ilə paralel getməlidir.