XX əsr Azərbaycan tar ifaçılığı sənətinin inkişafı və təbliğində əməyi olan sənətkarlardan biri də Əməkdar artist Məmmədağa Muradovdur. Qısa ömrünə böyük sənət şöhrəti sığdıran musiqi xadimi yeni tarzənlər nəslinin yetişməsinə də öz töhfəsini verib.
Məmmədağa Məmmədhəsən oğlu Muradov 19 fevral 1921-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir, öz üzərində müntəzəm çalışır. Dövrün görkəmli tarzənləri Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurovun bənzərsiz ifalarını dinləyir. Bu sənətkarların ifa özəllikləri onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərir.
El şənliklərində, dövlət tədbirlərində iştirak edən Məmmədağa Muradov 1937-ci ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq çalğı alətləri orkestrinə qəbul olunur. Qısa müddət ərzində orkestrin solisti, daha sonra isə konsertmeysteri vəzifəsinə yüksəlir. Eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən Asəf Zeynallı adına Musiqi Texnikumunda uzun müddət pedaqoji fəaliyyət göstərir. O, gənc tar ifaçılarının yetişməsinə böyük səy göstərir, öz bilik və bacarığını onlardan əsirgəmir.
M.Muradov incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, müğənniləri virtuoz müşayiəti ilə dinləyicilərin qəlbinə yol tapır. Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən solo ifadakı uğurunu xanəndələri müşayiət etdiyi zamanda da təkrarlamağı bacarıb. O, muğam sənətinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev və Sara Qədimova ilə birgə çıxış edərək muğamsevərlərin rəğbətini qazanıb.
Tarzənin ifaçılığının sorağı ölkəmizin, eləcə də keçmiş ittifaqın hüdudlarını aşır. Onun Misir, Tunis, Almaniya, Bolqarıstan, İran, Çin, Mərakeş və digər ölkələrdə çıxışları maraqla qarşılanıb, musiqisevərlərin könlünü oxşayıb. O, Efiopiyada iki dəfə qastrol səfərində olub. Hər dəfə də imperator Hayle Selasiye tərəfindən qəbul edilib. Çalğısını yüksək qiymətləndirən dövlət başçısı onu “Qızıl imperator” ordeninə layiq görüb və mükafatı musiqiçiyə şəxsən təqdim edib.
Onun milli musiqimizin inkişafı və təbliği sahəsində xidmətləri ölkəmizdə də öz dəyərini alıb və ifaçı “Əməkdar artist” fəxri adına layiq görülüb. Mahir tarzən yaradıcılığının çiçəkləndiyi bir dövrdə – 14 noyabr 1969-cu ildə – 48 yaşında vəfat edib.
SAVALAN