Bu gün də adı sənətşünasların yaşlı nəsli arasında çox hörmətlə çəkilən Adil Qazıyevi (1906-1972) yəqin ki, başqa sahələrdə çalışanların çoxu yaxşı tanımır. Təbii ki, bu onun günahı deyil. Zamanında Naxçıvanda məşhur fırça ustası Bəhruz bəy Kəngərlidən sənətin sirlərini öyrənən və taleyini təsviri sənətlə bağlamağa qərar verən Adil Qazıyev müəllimi kimi tanınmış rəssam ola bilmədi.
Adil Qazıyevin ömür yolunu vərəqləsək, onda onun əvvəlcə Bakıda yenicə fəaliyyətə başlamış Rəssamlıq Məktəbində (sonralar texnikum) oxuduğunu və 1925-ci ildə bu təhsil ocağının ilk məzunlarından olduğunu görərik. Bundan sonra o, arzu qanadlarında Moskvaya üz tutur və 1927-1931-ci illərdə oradakı Toxuculuq İnstitutunun Rəssamlıq fakültəsində oxuyur. O vaxtlar Rusiyanın tanınmış sənətkarları sayılan Sergey Gerasimov və Aleksandr Kuprindən dərs alır.
Yaşıdları arasında bilik və bacarığı ilə seçilən azərbaycanlı tələbə müəllimlərinin zəmanəti ilə institutun aspiranturasında da oxuyur. Oranı bitirib alimlik dərəcəsi alandan sonra Böyük Vətən müharibəsi başlayana kimi bir vaxtlar oxuduğu təhsil ocağında müəllim işləyir. Müharibə ilə əlaqədar paytaxtda yaranmış vəziyyət onu vətənə qayıtmağa məcbur edir. 1941-1945-ci illərdə o, Bakıda ilk orta ixtisas təhsili aldığı Azərbaycan Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycanda Elmlər Akademiyasının yaradılmasından (1945) sonra isə taleyini onun nəzdində fəaliyyət göstərən Memarlıq və İncəsənət İnstitutu ilə bağlayır. 1958-ci ildə uğurla dissertasiya müdafiə edib sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alması, əslində, kadrların kifayət qədər azlıq təşkil etdiyi bu sahədə çox ciddi bir tədqiqatçının mövcudluğundan xəbər verirdi.
Həmin vaxtdan dünyasını dəyişdiyi günə kimi davam edən elmi fəaliyyətində onun müasirlərinin çoxundan fərqli olaraq bir dəfə də olsun əhəmiyyətsiz mövzuya müraciət etdiyinə rast gəlmək mümkün deyil. Görkəmli sənətşünasın xalqımızın uzaq-yaxın keçmişdə yaratdığı bədii irsə çox fərqli və dərindən elmi münasibət bildirən Adil Qazıyev müxtəlif illərdə qədim kitab mədəniyyətimizə və xəttatlıq sənətinə, üslubların şahı kimi dəyərləndirilən miniatürə, dekorativ-tətbiqi sənətə həsr olunmuş tədqiqatları ilə sənətşünaslıq elmimizi zənginləşdirdi. Onun Moskvada nəşr olunan “XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı” (1977) kitabını isə qətiyyətlə XX əsr Azərbaycan sənətşünaslığının yaddaqalan uğuru saymaq olar...
Heç şübhəsiz, alimin təsviri və tətbiqi sənəti yüksək professionallıqla dəyərləndirə bilməsinin kökündə onun həm də rəssam olması durur. Özü Bəhruz bəy Kəngərli ilə tanışlığından sonra davamlı olaraq dünyamıza cizgi və rənglərlə münasibətini bildirməkdə davam etsə də, onları təsadüfi hallarda sərgilərdə nümayiş etdirmişdir. Odur ki, onun bu bədii irsi ictimaiyyətə gizli qalmışdır. Elə bu səbəbdən bir qədər gec də olsa, onun rəssamlıq sahəsində göstərdiyi fəaliyyətin üzərinə işıq salmaq istəyirik...
Adil Qazıyevin elmə məlum olan rəngkarlıq və qrafika əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Tarixi Muzeyində və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunur. Onların sırasında “İki dəmirçi” (1928-1930), “Bəhruz bəy Kəngərlinin portreti” (1931 və 1942), “Mirzə Fətəli Axundzadənin portreti” (1939) və “Naxçıvan motivləri” (1938) adlı rəngkarlıq və qrafik əsərləri vardır.
Bunlarla yanaşı rəssamın ictimaiyyətə məlum olmayan çoxsaylı qrafika əsərləri də mövcuddur. Onlar hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin qrafika fondunda saxlanılır və bu vaxta qədər ekspozisiyada sərgilənmədiyindən sənətsevərlərə, demək olar ki, tanış deyil.
Zamanında Adil Qazıyevin Moskva Toxuculuq İnstitutunda təhsil aldığını nəzərə alsaq, onun muzeydə qorunan bir çox qrafik əsərlərinin bilavasitə parça və pərdə eskizləri ilə bağlı olmasını təbii saymaq olar.
Onun digər qrafik lövhələri isə demək olar ki, təsviri sənətin bütün janrlarını əhatə edir. Rəssam-sənətşünasın Bakı Rəssamlıq Məktəbində oxuduğu dövrdə ərsəyə gətirdiyi nümunələr yüksək professionallığı ilə seçilir. Bir vaxtlar Naxçıvanda B.Kəngərlidən aldığı sənət vərdişlərini yeni məkanda kamilləşdirən gənc rəssamın çəkdiyi portretlər obrazların mənəvi-psixoloji tutumunun yaddaqalan ifadəsi ilə diqqət çəkir. Bu mənada 1923-cü ildə çəkilmiş “Qoca” və “Uşaq” portretlərini qeyd etmək istərdik. Bu iki qrafik əsərdə geyimləri kifayət qədər bədii ümumiləşdirmələrlə təqdim edən rəssam obrazların üz cizgilərinin bədii şərhində yüksək sənətkarlıq nümunəsi sərgiləmişdir. Etiraf edək ki, onun görünən hər bir detala bəxş etdiyi faktura heyrətamizdir.
Adil Qazıyevin digər portretlərində də onun realist-gerçəkçi rəsmetməyə bələdliyi, forma-biçimi qabarıqlaşdırmaqla, onun inandırıcı rəng tutumuna bələyə bilməsi aydın hiss olunmaqdadır.
Uşaq yaşlarında Bəhruz bəy Kəngərli ilə ünsiyyətdə olan Adil Qazıyev onu özünün ilk müəllimi hesab etmiş, orta və ali ixtisas təhsili alandan sonra Naxçıvan torpağında yetişən bu böyük sənətkarın yağlı və sulu boya ilə iki portretini işləmişdir. Böyük sənətkarı bizim dövrə gəlib çatmış bütün təsvirlərindəki görünüşündən fərqli – milli papaqda görüntüyə gətirən Adil Qazıyev onun bənzərsizliyi birmənalı olan portretlərini yaratmağa nail olmuşdur.
Rəssamın gözəlliyə açılan pəncərə kimi dəyərləndirdiyi Naxçıvan mənzərələrinə sevgisi onu ömrünün sonuna qədər tərk etməmişdir. Onun müxtəlif illərdə çəkdiyi və Bəhruz bəy Kəngərlinin əsərlərindən tanıdığımız Möminə xatın türbəsi, Yusif Küseyroğlu türbəsi, Əshabi-kəhf dağı, Nəhəcir dağı, Naxçıvan şəlaləsi, İlandağ və digər motivlərin təsvirində doğma yurda sonsuz məhəbbəti qabarıq duyulmaqdadır.
Adil Qazıyevin bədii irsində ağ-qara cizgilərlə çəkdiyi rəsmlər xüsusi yer tutur. Bunun başlıca səbəbi həmin qrafik lövhələrin bədii tutumunu şərtləndirən cizgi ahəngdarlığının özünəməxsus estetikaya malik olmasıdır. Hər bir əsərində işıq-kölgə təzadından ustalıqla istifadə edən rəssam həm müxtəlif insan xarakterlərinin səciyyəvi xüsusiyyətlərini, həm də təbiət motivlərinin duyğulandırıcı məqamlarını incə cizgi ritmi və uyarlığı ilə yaddaqalan tərzdə ifadə etməyə nail olmuşdur.
Onun bəzi rəsmlərində müasirləri Əzim Əzimzadə və Ələkbər Rzaquliyevin yaradıcılığının təsiri duyulmaqdadır. Rəssamın bərbərxanaya, hamama, çayxanaya arifanə göz qoymasının, öküzlərin nallanmasını diqqətlə müşahidə etməsinin nəticələri olan qısamüddətli rəsmlərdə baş verənlərin cəlbedici və inandırıcı təsvirini görürük. Onun yüz doxsan dörd rəsmli müəllif albomunda milli məişətimizi əks etdirən başqa motivlərə də rast gəlmək mümkündür.
Sonda inamla deyə bilərik ki, Adil Qazıyevin elmi-yaradıcı fəaliyyəti milli-mənəvi dəyərlərimizin tədqiqinə və təbliğinə xidmət etməklə, bütünlükdə, daşıdığı yüksək dəyərə görə zamansızlığa qovuşmuş tutumdadır. Qənaətimizcə, bu, bir sənətşünas-rəssam kimi onun əldə edə biləcəyi və onu yaşadacaq yüksək mənəvi qazancdır.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor