Parisdə UNESCO qərargahında 21 fevral – Beynəlxalq Ana Dili Günü qeyd edilib. Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşən tədbirdə 20-dən çox ölkə, o cümlədən Azərbaycan təmsil olunub.

Əvvəlcə hər bir ölkənin hazırladığı stendlərdən ibarət sərginin açılışı olub.

UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni və Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain ana dilinin yaradıcılıq və inkişafda rolundan danışıblar.

Bildirilib ki, Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi təşəbbüsü Banqladeşə məxsusdur. Bu təşəbbüs 1999-cu ildə UNESCO-nun baş konfransında təsdiqlənib və 2000-ci ildən dünyada qeyd olunur. Mədəniyyət və dil müxtəlifliyinin qorunub saxlanması UNESCO-nun mandatına daxildir.

S.Cianni ölkələrin dillə bağlı hazırladığı stendləri ziyarət edib. Sərgidə Azərbaycan dili posterində ötən il UNESCO-da 650 illiyi qeyd edilmiş İmadəddin Nəsiminin şəkli əks olunub. S.Cianniyə böyük şairin yaradıcılığı və posterdə yazılan beytin mənası haqqında məlumat verilib. UNESCO yanında daimi nümayəndəliyimizin III katibi Nigar Qurbanova diqqətə çatdırıb ki, bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır.

Sonra Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunmuş mədəniyyət proqramı təqdim olunub. Ölkələr musiqi, poeziya, rəqs vasitəsilə öz dillərini təqdim ediblər. Səma Moqadam “Yüz bir” Azərbaycan xalq rəqsini ifa edib. Tədbir çərçivəsində digər ölkələrlə bərabər Azərbaycan təamları da nümayiş olunub.

Xatırladaq ki, Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

***

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş daha bir tədbir Mərakeşin paytaxtı Rabatda Məğrib ölkələri üzrə UNESCO-nun Regional Bürosunun təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə ölkəmizin Mərakeş Krallığındakı səfirliyinin dəstəyi ilə Rabatda yaşayan azərbaycanlı məktəblilər Rəvan Məmmədbəyli, Fərid Ağazadə və Elçin Əlizadə tərəfindən Xalq şairi Səməd Vurğunun “Azərbaycan” və Abbas Səhhətin “Vətən” şeirləri səslənib, Fərəhnaz Məmmədbəyli tərəfindən “Sarı gəlin” Azərbaycan xalq rəqsi ifa edilib.