Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun “Şanson gecəsi” adlı konserti keçirildi. Fevralın 20-də “Shanson Cover Band” qrupunun müşayiəti ilə gerçəkləşən konsert musiqisevərlərə unudulmaz anlar yaşatdı.

Bir sıra estrada, mahnı müsabiqələri və festivallarının iştirakçısı və qalibi olan ifaçı Cəlal Abbasov tamaşaçıları salamlayaraq bildirdi ki, dünyada hər bir şəhərin öz melodiyası var: “Bu gün də Bakı və dünyanın bir çox şəhərlərinin ən sevilən mahnıları səslənəcək, qəlblərə hüzur verəcək”. Şanson musiqisinin tarixindən söz açan ifaçı Azərbaycanda ilk dəfə bu janrda oxuyan unudulmaz estrada müğənnisi, Xalq artisti Mirzə Babayevi dərin ehtiramla yad etdi. 

Daha sonra tamaşaçılara maraqlı proqram təqdim olundu. Gürcü, fransız, rus şanson musiqisi, qrupun musiqi rəhbəri, pianoçu Nizami Əliyevin bəstələrindən ibarət bir-birindən şən və lirik mahnılar tamaşaçıların gur alqışları ilə qarşılandı. Tamaşaçılar sırasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, xarici qonaqlar da vardı. İllərdən illərə keçərək sevilən şanson mahnılar, instrumental ifalar bir-birini əvəzlədikcə səhnəyə sanki çiçək yağırdı.

Sözləri unudulmaz şair İslam Səfərliyə, musiqisi Xalq artisti Cahangir Cahangirova məxsus “Zərif gülüşlüm” mahnısının ifası isə gecənin ən möhtəşəm çıxışlarından biri kimi yadda qaldı. Proqram bitsə də, tamaşaçıların musiqiçiləri ayaq üstə alqışlayaraq qrupu yenidən bir mahnı səsləndirməyə vadar etdi.

Beləcə, Cəlal Abbasovun Heydər Əliyev Sarayında sayca üçüncü olan şanson konserti hər kəsə sənət zövqlü əhval bəxş etdi.

Lalə AZƏRİ