Fevralın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqisi müsabiqəsinə yekun vurulub.
Üç turdan ibarət olan müsabiqədə müxtəlif yaş qrupları üzrə respublikamızın və müxtəlif ölkələrin (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçıları iştirak edib.
Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.
Müsabiqənin qala-konsertində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lümine” ansamblı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Sevda Cəbrayılova (qanun), G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin şagirdi Asim Rzazadə (klarnet), Milli Konservatoriyanın tələbəsi Əli Əliyev (tar), 24 saylı Musiqi məktəbinin şagirdi Həzrət Əlili (xanəndə), müsabiqənin qonaqları – A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutu Fortepiano kafedrasının müdiri, professor Rustam Şayxutdinov, tanınmış skripka ifaçısı Roman Fedçuk və başqaları çıxış ediblər.
Daha sonra yaş qrupları və müvafiq nominasiyalar üzrə qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqədə iki Qran-pri mükafatı verilib. Bu mükafatlara Əli Əliyev (tar) və Asim Rzazadə (klarnet) layiq görülüb.
Qran-pri və I yerin qalibləri həmçinin müsabiqənin xüsusi mükafatı – Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə solist olaraq çıxış etməyə vəsiqə qazanıblar.
Fortepiano və simli alətlər üzrə I, II və III yerlərin qalibləri isə filarmoniyanın Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində solo konsert vermək imkanı əldə ediblər.
Xatırladaq ki, müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.
LALƏ