UNESCO Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirildi
Fevralın 24-də UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirildi. İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edirdi.
İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar (NRYTN) və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək proqramın ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini vurğuladı. O, proqramın məqsədləri və prioritet sahələri barədə məlumat verərək bildirdi ki, “İnformasiya hamı üçün” UNESCO tərəfindən 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Əsas məqsədi təşkilata üzv ölkələrin milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, informasiya və biliklərin əldə edilməsi sahəsində fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.
R.Əzizov həmçinin İFAP-ın Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün tədbirlər planı üzrə indiyədək görülmüş işlər haqqında məlumat verdi. Vurğulandı ki, proqramın altı prioritet sahəsi – “İnformasiyaya çıxış”, “İnkişaf üçün informasiya”, “İnformasiya etikası”, “İnformasiya savadlılığı”, “İnformasiyanın qorunması”, “Kiberməkanda çoxdillilik” üzrə məsələlər planda əksini tapıb. Qeyd olundu ki, Azərbaycanda İFAP Milli Komitəsi 2010-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən komitənin NRYTN-in tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. 11 sentyabr 2018-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu ildə isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Tədbirdə sonra www.ifap.az saytının təqdimatı oldu. Saytın müvafiq bölmələri vasitəsilə birbaşa İFAP-ın əhatə etdiyi sahələr və bu yöndə görülən işlər haqqında ətraflı məlumat alaraq tərəfdaşlıq etmək mümkündür.
Milli Komitənin üzv qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək tədbirlər planı çərçivəsində görülən işlər haqqında məlumat verdilər.
***
Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova çıxış edərək nazirlik tərəfindən bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən söz açdı. Bildirdi ki, Milli Kitabxananın Elektron kitabxanasının saytındakı “Audiokitablar” bölməsində xüsusi kateqoriyalı istifadəçilər üçün müxtəlif audiokitablar toplanıb. Hər hansı bir audiokitabı görmə qabiliyyəti məhdud olan istifadəçi kitabxanaya gəlmədən dinləyə bilər. 2014-cü ildən Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün informasiya mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi görmə qüsurlu uşaqların internet şəbəkəsinə sərbəst çıxışını təmin etməkdir.
Sektor müdiri Mədəniyyət Nazirliyinin sifarişi və “AdZone” şirkətinin texniki dəstəyi ilə yaradılan “Muzey əşyalarının daimi mühafizə portalı” haqqında da söz açdı. Dedi ki, hazırda respublikada fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatlar həmin portala daxil edilir. Dövlət Film Fondunda saxlanılan 35 mm kinolent formatında çəkilmiş milli filmlərin rəqəmsal formata çevrilməsi işi də davam etdirilir.
Qeyd olundu ki, 2018-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Ultra technologies” şirkətinin texniki dəstəyi ilə hazırlanan “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalı istifadəyə verilib. Portal Azərbaycanın diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (musiqi-rəqs, oyun-tamaşa, şifahi xalq yaradıcılığı) və sənətkarlıq (dekorativ-tətbiqi, təsviri) nümunələrinin məlumat bazasından ibarətdir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Xalça Muzeyi və Qobustan Milli Tarix-Bədii Qoruğunda audiobələdçi texnologiyaları tətbiq edilir. Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə 2008-ci ildən kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi (KAMİS) həyata keçirilir. Ötən il informasiya sisteminin bazasına 343 ədəd, ümumilikdə isə 34913 ədəd eksponat haqqında məlumat daxil edilib.
Sektor müdiri həmçinin dedi ki, yerli xalqların və milli azlıqların adət-ənənələrinin qorunması və təbliği diqqət mərkəzindədir. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən www.ismayilliculture.az, www.shekiculture.az saytları yaradılıb.
***
Sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların rəqəmsallaşdırılması ilə bağlı hesabat təqdim etdi. “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin rəhbəri Rauf Cabbarov “Digital Girls” milli təlim proqramı haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizdə qadınların İKT sahəsinə cəlb edilməsi və müasir texnologiyalar sahəsində rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bu işlərin davamı olaraq “İKT LAB” mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli qızlar (“Digital Girls”) - milli təlim proqramı” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində Bakı şəhərinin bir sıra məktəblərində təqdimat tədbirləri keçirilib və mindən çox iştirakçı qatılıb. Onlara layihənin məqsədi izah edilib və İKT sahəsində uğurlu karyera qurmaq imkanları barədə məlumat verilib.
İclas Dövlət Turizm Agentliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və ictimai təşkilatların nümayəndələrinin diskussiyası ilə davam etdi.
LALƏ