Fikir veribsinizsə, macəra əsərlərinin əksəriyyəti oğlanların başına gələn əhvalatlardan bəhs edir. Yəqin bunda nəsə hikmət var. Elə olmasaydı, bir çox xalqların şifahi və yazılı ədəbiyyatının əsas macəra qəhrəmanları da yeniyetmə və gənc oğlanlar olmazdı. Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının da Bakıya gətirdiyi qastrol tamaşası ənənəni pozmadı.

İllərdən bəri teatrın repertuarından düşməyən “Şum bola”, yəni “Şuluq” tamaşası dəcəlliyindən qalmayan, hər işə baş qoşan, amma həmişə də yaxşılıq etməyə, yaxşı iş tutmağa çalışan, hər kəsin adını unudub “Şum bola” çağırdığı bir oğlanı və onun dostlarını, ya da elə onun düşdüyü qəribə situasiyaların digər iştirakçılarını bizə tanıtdı.

Tamaşa özbək ədəbiyyatının klassiki Qafur Qulamın eyniadlı povesti əsasında səhnələşdirilib. Uzun illərdir ki, teatrın səhnəsində rus dilində oynanılır və teatrı beynəlxalq festival və qastrollarda uğurla təmsil edir.

Bəri başdan deyək ki, 6+ yaş qrupu üçün nəzərdə tutulmuş tamaşa həm özbək xalq-meydan teatrı ənənələri üzərində qurulması, milli koloriti və milli musiqi ladında bəstələnmiş musiqisi, həm də iştirakçıların şux milli rəqsləri ilə qardaş özbək xalqının vizit kartı kimi təqdim edilə bilər. 

Yaxşı, bəs bu Şum bola neyləyib ki, əsər qəhrəmanına çevrilib? Əslində, şuluq Şum bola heç də pis uşaq deyil. İstəyir ki, dostları ilə yaxşıca süfrə açsın, amma… plov baha başa gəldiyi üçün yumurta ilə keçinməyə qərar verirlər. Öz hinlərindən yumurta çırpışdıranda da anası onu dinləmədən oğru adlandırır.

Evdən qaçıb Hacı babanın çayxanasında işləyəndəsə eləmədiyi oğurluğu onun boynuna yıxırlar. Düzdür, əsl oğru tapılır, amma səndən əsassız olaraq şübhələniblərsə, həmin yerdə qalmağa dəyərmi? Dəyməz. Elə Şum bola da belə fikirləşir və macəralarının ardınca yoluna davam edir.

Özbəkistanın Əməkdar artisti Malikə İsgəndərovanın quruluşunda oynanılan “Şum bola” tamaşasında 5 qadın və 5 kişi aktyor iştirak edir. Amma tamaşaçıya elə gəlir ki, bir-birini sürətlə əvəz edən səhnələrdə təxminən iyirmi-otuz iştirakçı var. Çünki əsas rolların ifaçıları Fayzullo Askerov (Şum bola) və Noufal Sulaymanovdan  (Omon) başqa digər səkkiz aktyor bir neçə obrazı canlandırırlar. Bazar səhnəsində, Bay (ağa) evində qocadan uşağadək, hətta hindəki toyuq-cücəni belə oynayan aktyorlar – Uluqbek Rustamov, Şerzod Axmedov, Şahobiddin Fayezov, Nərgizə Rustamova, Kamola Xudayberdiyeva, Zebo Kadırova, Dilnavaz Axmedova və Umidə Narbayevanın tamaşanın əvvəlindən sonunadək eyni şux ritmdə rəqs etməsi, cilddən-cildə çevikliklə keçərək Şum bolanın başına gələn əhvalatlarda kölgədə qalmaması diqqətdən yayınmırdı.

Tamaşanın maraqla qarşılanmasında, təbii ki, rəssam işini də xüsusi qeyd etmək lazımdır. Quruluşçu rəssam Yevgeniya Biserovanın səhnə tərtibatındakı, geyim üzrə rəssam Mariya Lukyanovanın isə geyimlərdə bəhrələndiyi kolorit tamaşanın ümumi ovqatına xidmət edirdi. Bütün səhnələrdə milli rəqs elementlərini müasir xoreoqrafiya  ilə birləşdirmək imkanı verən Bahodir Zakirovun musiqisi də elə əsas qəhrəman Şum bolanın xarakterinə tam uyğun gəlir, rejissor ideyasını tamamlayırdı.

Özbəkistan  Dövlət Gənc Tamaşaçılar Teatrının Azərbaycana ilk qastrolunun uğurla keçdiyini deyə bilərik. Bunu həm iki gün ərzində bir neçə dəfə oynanılan “Şum bola” tamaşasını seyr edən balaca teatrsevərlərin reaksiyası (biz buna şəxsən şahid olduq), həm də teatrın Bakıya gəlmiş yaradıcı və işçi heyətinin sosial şəbəkə hesablarındakı paylaşımları sübuta yetirir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ötən il özbək teatrının 90 illik yubileyində iştirakı ilə başlayan əməkdaşlığın qarşılıqlı səfərlərlə davam edəcəyini gözləyirik. Yəqin ki, “Şum bola”nın ayağı düşərli olar. Biz də qardaş Özbəkistanda həm Azərbaycan teatrını təbliğ edərik, həm də öz ölkəmizdə özbək teatrı ilə daha yaxından tanış olarıq.

Gülcahan MİRMƏMMƏD