Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və onlara metodiki köməklik göstərilməsi üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir.
Bu işlərin davamı olaraq, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın Bakı və Sumqayıt şəhərlərində uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri keçirilir.
Ustad dərsləri fevralın 27-də Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbində başlanıb. Fevralın 28-də tanınmış pianoçu və pedaqoq paytaxtdakı T.Quliyev adına 12 nömrəli Musiqi məktəbində, 29 fevralda isə Sumqayıt şəhər Bülbül adına 2 nömrəli İncəsənət məktəbində ustad dərsləri verəcək.