Fevralın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə keçirilib.
Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək 1992-ci il fevralın 26-na keçən gecə yaşanan dəhşətdən söz açıb. Bildirib ki, Xocalıda 613 nəfəri qətlə yetirən erməni işğalçıları torpaqlarımızı zəbt etməklə bərabər milli mədəni irs nümunələrimizi də mənimsəyir, dünyaya özlərininki kimi təqdim edirlər.
Ermənilərin bu mənfur siyasəti, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimiz tərəfindən görülən işlərdən danışan natiq çıxışının sonunda Xocalı əhalisinin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş filmə baxıblar.
Qeyd edək ki, muzeyin foyesində Əməkdar rəssam Aydın Rəcəbovun müəllifi olduğu “Ana fəryadı” adlı xalça da nümayiş etdirilir. Xocalı faciəsini yaşamış toxucular tərəfindən toxunmuş xovlu xalçanın muzeydə nümayiş edilməsi həm də qan yaddaşımızla bağlı yaşlı nəsildən gənc nəslə bir mesajdır.