Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 25-də Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Akvariuma xüsusi sifariş” əsəri əsasında hazırlanan birhissəli absurd komediyanın premyerasını təqdim edib.
Premyerada əsərin müəllifi, eləcə də Türkiyədən gəlmiş qonaqlar – Anadolu Aydınlar Ocağının başqanı İbrahim Öztekinin rəhbərlik etdiyi heyət iştirak edib. Tamaşa maraqla qarşılanıb.
Tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur. Rollarda Əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətoğlu, Müdvər Nemətova, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Arzuman Tanrıverdi, Məhərrəm Musayev və Rövşən Cəfərov çıxış ediblər.
Bəzən adama elə gəlir ki, bu dünyaya xüsusi sifarişlə gəlib. Əlbəttə, hər kəsin bir missiyası var. Lakin bu missiyanı özündə duymaq və icra etmək müşkülə çevrilir. Çünki biz zaman müstəvisində çarəsizləşirik. Bütün bunlara baxmayaraq biz nə isə etməliyik. Biz yox olduğumuz zaman var olacağımızdan xəbərsiz idik, amma var olduğumuz zaman nə vaxtsa “yox” olduğumuzu anlayırıq. Hətta deyirlər ki, biz bu dünyaya gələrkən mələklər qulağımıza nəsə pıçıldayır. Əfsus ki, biz doğularkən o pıçıltıları unuduruq. Bu mənada biz həyatın mənasını dərk etməyə çalışmalıyıq. Nə axtarırıq? Həqiqət? Həqiqət necə olur? Cavab tapmaq çətindir. “Akvariuma xüsusi sifariş” tamaşasında da çoxlu suallar var...