Vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq müsabiqəsi bu il 9-10 oktyabr tarixində Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə keçiriləcək. Bu barədə fondun saytında məlumat verilib.

Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turdan ibarət müsabiqə simfonik orkestrin müşayiəti ilə keçiriləcək. Bütün ifalarda canlı səs və musiqi tələb olunur.

Müsabiqənin əsasnaməsinə əsasən, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 15 min, 10 min, 5 min dollar pul mükafatı nəzərdə tutulur.

İştirak arzusunda olanlar mayın 12-dən gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər. Ətraflı məlumatı http://m-magomaev.ru/ru/contest/Pologenie2020/ linkindən öyrənmək olar.

Xatırladaq ki, vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsində I yerə Azərbaycanın Əməkdar artisti İlham Nəzərov, II yerə beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb.