Martın 5-də Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılacaq.
8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək.
Sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Ekspozisiyada müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.
Tədbirdə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyi öz musiqi nümunələri ilə çıxış edəcək.