“Gənclərimizin yeni yaradıcılıq növləri ilə məşğul olması sevindiricidir”
Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Mərasimdən öncə Mədəniyyət naziri Əbülfəs Qarayev, tədbirin qonaqları finala vəsiqə qazanmış layihələrlə, eləcə də müxtəlif şirkətlərin stendləri ilə tanış oldular.
Mədəniyyət Nazirliyinin dəstəyi və “Kreativ Azərbaycan” portalının (www.creative.az) tərəfdaşlığı ilə gerçəkləşən mərasim dövlət himninin səslənməsi ilə başladı.
Layihənin təsisçisi və təşkilatçıları, gənc dizaynerlər – Rəhim İsmayılov və Ramin Nəsirov çıxış edərək tədbir haqqında məlumat verdilər. Bildirildi ki, müsabiqə Azərbaycanda dizayn sənətinin keyfiyyətini yüksəltməklə yerli dizaynerlərin inkişafına töhfə vermək, eləcə də ən maraqlı dizayn işlərini müəyyən etmək məqsədilə təşkil olunub. 18 nəfərdən ibarət münsiflər heyətində Azərbaycanla yanaşı, dünyanın 7 ölkəsindən də peşəkarlar yer alıb.
Müsabiqəyə ümumilikdə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunub. Dizaynerlər 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı. Həmçinin 2019-cu ildə Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi münasibətilə paytaxtımızın dizayn loqosunun hazırlanması nominasiyası üzrə də işlər qəbul olunub. Münsiflərin seçimindən sonra hər nominasiya üzrə bir nəfər qalib elan olunub.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ötən ilin oktyabrında Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulmasını ölkəmiz üçün tarixi hadisə kimi səciyyələndirdi. Qeyd etdi ki, hazırda bu şəbəkəyə 246 şəhər daxildir. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır. Bakı bu şəbəkəyə “dizayn” tematikası üzrə daxil edilib.
“Paytaxtımızın “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması heç də təsadüfi deyil. Çünki Azərbaycan xalqı ta qədimdən öz fərqli düşüncələri ilə seçilən millət olub. Qobustanda qayalar üzərində çəkilən təsvirlər buna nümunədir. Bu gün gənclərimizin yeni yaradıcılıq növləri ilə məşğul olması məni sevindirir. Məhz onların sayəsində ölkəmiz daha da inkişaf edərək dünyanın ən güclü dövlətləri sırasında yer alacaq”, – deyə nazir bildirdi.
Əbülfəs Qarayev çıxışının sonunda müsabiqənin qaliblərini təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.
“Code Academy” şirkətinin qrafik və veb-dizayn tədris proqramının rəhbəri Knyaz Yaqubov və “Brandup”, “Majlis Business Netvork” şirkətlərinin təsisçisi Tamerlan İsmayılov çıxış edərək müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdilər.
Daha sonra Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək qalibləri təbrik etdilər.
Sonda dizayn müsabiqəsi qaliblərinin adları açıqlandı.
Bakının dizayn loqosu üzrə nominasiyada Cavid İsgəndərov qalib oldu və xüsusi mükafatla – “Apple Macbook Air 2019” noutbuku ilə təltif edildi.
Qalan on kateqoriya üzrə Ədilə Fərzəliyeva, Zaira Ahmad, Yekaterina Klimova, Zorona Urumoviç, Arvin Maleki, Nicat Nusalov, Nəsir Muradov, Lalə Axundova, Nicat Qəribov və “Brandup” agentliyi qalib elan olundular.
Qaliblərə “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim edildi.
Bundan əlavə, müsabiqənin bütün finalçıları Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.
Nurəddin MƏMMƏDLİ