“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinin “Mədəni marşrutlar: milli mədəni irsin təbliği və yerli inkişafı üçün model” adlı panel iclası Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçdi.

 

Milli mədəni irsin təbliği və inkişafı üçün model

 

İclasda “Azərxalça” ASC-nin İdarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycanda xalçaçılığın inkişafı və xalça sənəti haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, xalça toxumaq insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayır. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyindən ibarət deyil, xalqın mənəvi və əxlaqi normaları ilə bağlıdır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənətin ən qədim sahələrindən hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə meydana gəlib. Vurğulandı ki, qədim zamanlardan Avropada Azərbaycan xalçalarına böyük maraq olub və bu gün də bu ənənə davam etməkdədir.

Məruzəçi “Azər-İlmə” və “Azərxalça”nın fəaliyyəti haqqında da məlumat verdi. Bildirdi ki, “Azər-İlmə” xalçaçılıq şirkəti ötən əsrin 90-cı illərindən başlayaraq  Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaradaraq qədim xalçaçılıq ənənələrini yaşatmağa çalışıb. Bu gün bu iş dövlətin diqqət və qayğısı, dəstəyi ilə “Azərxalça” ASC tərəfindən geniş şəkildə davam etdirilir. Hazırda “Azərxalça”nın ölkə üzrə 12 xalça fabriki fəaliyyət göstərir.

Vurğulandı ki, Azərbaycan xalçaçılığının inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu var. Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə Böyük Britaniyada, Fransada və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri bu qədim mirasın təbliğinə böyük töhfə verib. 2010-cu ildə  Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

Mədəniyyət müəssisələrinin mədəni marşrutlarda rolu

 

Fevralın 29-da işini davam etdirən müşavirənin növbəti panel iclası “Mədəniyyət müəssisələrinin mədəni marşrutların inkişafında və təbliğatında rolu” mövzusuna  həsr olunmuşdu.

Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələrinin koordinatoru Gülhüseyn Kazımlı, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev mövzu üzrə məruzələrlə çıxış etdilər.

Asif Usubəliyev “Mədəniyyət müəssisələri mədəni marşrutların subyekti kimi” məruzəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin ənənəvi mədəniyyət sahələrinin hərtərəfli tənzimlənməsində əlaqələndirici rolundan söz açdı, xalq yaradıcılığının müxtəlif janrlarının inkişafının stimullaşdırılmasından danışdı.

Gülhüseyn Kazımlı “Azərbaycan muğam marşrutları – Qarabağ, Şirvan, Bakı, Gəncə, Tiflis” mövzulu məruzəsində ölkəmizdə muğam ifaçılıq məktəblərinin formalaşması və inkişafından bəhs etdi.

Panel iclasda aşıq sənətinin tarixi, bölgələrin mədəni marşrutların fəaliyyətində rolu və yeni təşəbbüslərlə bağlı fikirlər səsləndirildi.

***

Daha sonra müşavirə çərçivəsində təlim sessiyası təşkil edildi. Təlimçilər – Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun layihə rəhbəri Karolina Klark və “Avropa Tarixi Termal Şəhərlər” marşrutunun koordinatoru Katerina Lloyd “Mədəni marşrutların inkişafı, idarəçilik və davamlı idarəetmə”, “Yerli və davamlı inkişaf üçün mədəni marşrutlar: sistemli yanaşma”, “Mədəni marşrutlar üçün brendləşdirmə, marketinq və kommunikasiya”, “Tematik tədqiqatlar və ən yaxşı təcrübələr” mövzularında müzakirə apardılar.

Günün ikinci yarısı təlim sessiyası “Mədəni marşrutlar – ən yaxşı təcrübələr” mövzusunda işini davam etdirdi.

 

Avropa Şurası mədəni marşrutlarının tematik tədqiqatları

 

Həmin gün təlim sessiyası üzrə “Avropa Şurası mədəni marşrutlarının tematik tədqiqatları və ən yaxşı təcrübələri” mövzusunda məruzələr dinlənildi.

Məruzələr Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni, həmin institutun layihə rəhbəri Karolina Klark və “Avropa Tarixi Termal Şəhərlər” marşrutunun koordinatoru Katerina Lloyd tərəfindən təqdim edildi.

Məruzələrdə Avropa Şurasının Azərbaycandan keçən marşrutları, mədəni marşrutların inkişaf yolları, Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutlarının genişləndirilməsi və ölkəmizdə bu sahənin inkişafı üçün çağırışlar və imkanlardan söz açıldı. Çıxışlar zamanı mədəni marşrutlar üzrə müvafiq qurumların fəaliyyəti, müxtəlif ölkələrdə mədəni marşrutların təşkili, inkişafı ilə bağlı təqdimatlar edildi. Eyni zamanda bu sahədə yeni ideya və layihələr haqqında məlumat verildi.

Tədbirdə həmçinin növbəti forumun bu ilin oktyabr ayında Yunanıstanda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıldı.

Məruzələrdə mədəni marşrutlarla bağlı təbliğat-təşviqat işlərinin gücləndirilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması da vurğulandı. Çıxışlarda mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətlərindən biri kimi dəyərləndirildi. Qeyd olundu ki, mədəni marşrutlar Avropa yaddaşının qoruyucusu olaraq milli irsin təbliğində əhəmiyyətli yer tutur.

Sonda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının tarixini əks etdirən videoçarx nümayiş olundu.

L.AZƏRİ