Ölkəmizin mədəni marşrutlar potensialına həsr olunmuş respublika müşavirəsinin ilk günü (28 fevral) “Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr” mövzusunda maraqlı məruzələr dinlənilib.
Panel iclasda çıxış edən “Şirvan şərabları” MMC-nin satış üzrə meneceri Nizami Əliyev “Şərab yolları” marşrutu barədə çıxışında Azərbaycanın şərabçılıq ənənələri, şərabın müalicəvi xüsusiyyətləri, müəssisənin üzümçülük və şərabçılıq kompleksi haqqında məlumat verib.
Vurğulanıb ki, şirkət tərəfindən 2014-cü ildə Şamaxı rayonunun Meysəri kəndində 310 ha sahədə üzümçülük və şərabçılıq kompleksi yaradılıb, yerli və xarici üzüm sortlarından ibarət bağlar salınıb. Dünyanın qabaqcıl şirkətlərinin müasir texnologiyalarından istifadə edilməklə yaradılan zavodda orqanik şərab istehsalı ilə yanaşı, kompleksin ərazisində şərab muzeyi, restoran, mağaza və qonaq evinin istifadəyə verilməsi Azərbaycanda şərabçılıq turizminin inkişafına töhfədir. Süni konservantlar, boyaq maddələr və aromatizatorlardan istifadə olunmadan hazırlanan, özünəməxsus dadı, rəngi və ətri ilə seçilən şərablar “Meysəri” markası və “Sədəf”, “Mərcan”, “Məxməri”, “Bülluri”, “Sənəm” və “İnnabı” adları ilə satılmaqdadır. İstehsal olunan məhsullar Fransanın “Ecosert” şirkəti tərəfindən sertifikatlaşdırılıb, eyni zamanda regionda ilk dəfə 2017-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata layiq görülüb.
2019-cu ilin 30-31 avqust tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi yerli şərab məhsullarının istehsalına və ixracına dəstək olmaqla yanaşı, turizmin inkişafı, şərab mədəniyyətinin və kompleksin mühüm mədəni marşrutlardan biri olaraq təbliğində də əhəmiyyətli rol oynayıb.
“Absheron Olive Garden” şirkətinin marketinq meneceri Aişə İbrahimova məruzəsində bildirib ki, 2018-ci ilin oktyabr-noyabr aylarında Portuqaliyanın “Vinomatos” şirkətinin Azərbaycana müvəqqəti gətirdiyi xüsusi texnika və mütəxəssislərin iştirakı ilə 610 ha sahədə zeytun bağı salınıb. Layihəyə İtaliya, İspaniya, Türkiyədən də mütəxəssislər cəlb olunub. Müəssisə tərəfindən istehsal olunacaq zeytun yağları və süfrəlik zeytun növləri yerli və xarici bazarlarda satılacaq.
“Yəhudi irsi üzrə Avropa marşrutu” humanitar təşkilatının direktor müavini – Azərbaycan üzrə nümayəndə Zamir İsayev çıxışında diqqətə çatdırıb ki, yəhudilər Azərbaycanda hər zaman rahat və sərbəst yaşayaraq milli irslərini qoruyub saxlayıblar. Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən dağ, Avropa və gürcü yəhudi icmaları Azərbaycan həqiqətlərinin dünyada təbliğində aktiv iştirak edirlər. Bu həqiqətlərin dünyaya çatdırılmasında İsrail hər zaman Azərbaycanın yanındadır. Z.İsayev yəhudilərin kompakt yaşadığı Qubadakı Qırmızı Qəsəbədə bu xalqın nümayəndələri üçün hər cür şəraitin mövcud olduğunu deyib. Bildirib ki, Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev “Qədim qayaüstü incəsənət izləri” marşrutu barədə məlumat verib. Vurğulanıb ki, UNESCO-nun Dünya irs siyahısında yer alan Qobustan qoruğundakı qayaüstü təsvirlərdə ovçuluq, fauna, flora və həyat tərzinə aid simvollar mövcuddur.
“Qalalatı Hotel and SPA”nın (Şabran rayonu) satış üzrə meneceri Fəxri Qafarlı kurort mərkəzi barədə məruzə edib. Bildirib ki, Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Hazırda burada ən müasir tələblərə cavab verən tibb və rekreasiya kompleksi yaradılıb. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerli sakinlər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni “neftli su” deyirlər. “Naftsu” kəskin qoxusu və dadı ilə seçilir. Vurğulanıb ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub, “Qalaaltı” kurortu 2016-cı ildə Avropa Şurasının “Termal şəhərlər” marşrutuna üzv qəbul olunub.
“Grand Agro” MMC-nin direktor müavini İlqar Məhərrəmov “Zeytun ağacları” marşrutu üzrə məruzə edib. Bildirib ki, bu marşrut Azərbaycanda zeytun mədəniyyətinin inkişafında yeni mərhələdir. O, təmsil etdiyi MMC-nin fəaliyyəti haqqında məlumat verib, layihənin əhəmiyyəti, bağların yerləşməsi, köhnə bağların bərpası və yenilərinin salınması, zeytun mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təkliflər səsləndirib.
Panel iclasda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.