Fevralın 29-da “Azərbaycanın mədəni marşrutları potensialı” mövzusunda müşavirənin bağlanış mərasimi keçirildi.
Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək müşavirə iştirakçılarına təşəkkürünü bildirdi. Mədəni marşrutların əhəmiyyətindən danışan şöbə müdiri bu layihələrin ölkələr və bölgələr arasında qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfələr verdiyini diqqətə çatdırdı: “Mədəni marşrutlar anlayışı bir çox ölkələrdə əhatə dairəsini genişləndirərək interaktiv, dinamik və daim inkişaf edən mədəniyyətlərarası münasibətlərin əsası olaraq da qəbul edilir. Bu baxımdan mədəni marşrutlar fərqli mədəniyyətləri, inancları və həyat tərzlərini, fərdi və kollektiv bacarıqları, ənənələri əks etdirir. Mədəni marşrutların yeni bir konsepsiyaya çevrilməsi mədəniyyətin digər sahələri ilə – tarix-mədəniyyət abidələri, şəhərlər, xalq yaradıcılığı, mədəniyyət mənzərələri və digər sahələrin təbliği və inkişafında müstəsna rol oynayır.
Eyni zamanda mədəni marşrutlar mədəniyyətin müxtəlif sahələrinin əhəmiyyətini artıran ortaq bir sistemdir”.
Şöbə müdiri qeyd etdi ki, Azərbaycan 2011-2019-cu illərdə Avropa Şurasının 5 mədəniyyət marşrutuna qoşulmaqla bu şəbəkədə fəal iştirak edir və təşkilatın fəaliyyətinə öz töhfəsini verir. Bunu “Azərbaycanın mədəni marşrutlar potensialı” müşavirəsində ölkəmizin təmsil olunduğu hər bir mədəni marşrutun nümayəndələri də öz çıxışlarında qeyd etdilər: “Müşavirə Azərbaycanın mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, eyni zamanda yeni yerli mədəni marşrutların yaradılmasının əhəmiyyətini, o cümlədən yeni təcrübələrə yiyələnməklə və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmək potensialını nümayiş etdirdi. Tədbirdə səsləndirilən fikirlər, aparılan müzakirələr onu göstərdi ki, yaxın gələcəkdə ölkəmiz bu sahədə yeni və əhəmiyyətli layihələrə imza atacaq. Unutmamalıyıq ki, mədəni marşrutlar yalnız mədəniyyət sahəsini deyil, eyni zamanda bir çox sənaye sahələrini əhatə etməklə öz müsbət töhfəsini verir”.
Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni tədbirin yüksək şəkildə təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, vətəninə qayıtdıqdan sonra bu tədbirlə bağlı zəngin təəssüratlarını bölüşəcək: “Azərbaycanın qədim tarixi və ənənələri var. Bu tarix və ənənəni təqdim etmək üçün ölkənizdə bacarıqlı və istedadlı insanlar var. Siz bütün bu müxtəlifliyi birləşdirərək təqdim edə bilirsiniz. İki gün ərzində biz Azərbaycanın qədim muğam sənəti, xalq yaradıcılığı nümunələri haqqında məlumat əldə etdik. Xalça Muzeyini ziyarət etdim, tədbirin keçirildiyi Muğam Mərkəzi ilə tanış oldum”. Stefano Dominioni Azərbaycan tərəfindən irəli sürülən hər bir yeni ideya və təşəbbüsə dəstək olacağını da vurğuladı: “Bu təşəbbüslərin bazası və inkişafı üçün böyük potensialınız mövcuddur. O cümlədən də yerli marşrutların qurulması ilə bağlı əlavə resursların tətbiqi də mühüm əhəmiyyətə malikdir”.
Bununla da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iki gün davam edən tədbir başa çatdı.
LALƏ