Ötən il 150 illik yubileyi qeyd olunan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq salnaməsindən məqamlar daha bir ekran işinin mövzusu oldu. “Mirzə Cəlilin Azərbaycanı” adlı tammetrajlı sənədli film sayəsində milli təəssübünü yorulmadan dilə gətirən, məfkurə anlayışını bütün yaradıcılığına hakim edən böyük ədibimizi bir də bu prizmadan görə bildik.

Fevralın 28-də Nizami Kino Mərkəzində təqdimatı keçirilən ekran əsəri  Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb. Rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, prodüseri Nazim Hüseynov, bəstəkarı Azər Hacıəsgərli, operatoru Elxan Rüstəmovdur.

Nümayişdən öncə çıxış edən müəlliflər film barədə fikirlərini bölüşdülər, çəkiliş prosesindən söz açdılar. Diqqətə çatdırıldı ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində (Gürcüstan) aparılıb.

Filmin süjetləri əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Beləcə, dünyaya gəlişindən gedişinə qədər qaranlıqlara işıq saçmağa, dumanlanmış beyinləri aydınlatmağa çalışan böyük mirzənin dünyasına növbəti kinematoqrafik  səyahətimiz başladı.

Ekran işi sayəsində böyük ədibin dövrünə, yaradıcılıq irsinə, ədəbi qəhrəmanlarına, fraqmentar da olsa, nəzər sala bildik.  Filmə tamaşa edərkən istiqamətverici məqam kimi C.Məmmədquluzadənin milli mətbuat və mədəniyyət tariximizə misilsiz töhfəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı qeydlər diqqət çəkirdi. Mirzə Cəlilin yaşadığı dövrə çağdaş zamanımızdan baxan, onun o Azərbaycanına bu gündən boylanan yaradıcı heyət bir oxucunun timsalında ədiblə səmimi bir dialoqa, müqayisəli mülahizəyə də cəhd etmişdi.

Filmin xüsusi qeyd olunmalı cəhətlərindən biri də statik olmaması idi. Biz bir neçə dəqiqədə bir ömrün şaxələnmiş məqamlarının fərqli rakurslardan həllini izlədik. C.Mәmmәdquluzadәnin bir sәnәtkar vә vәtәndaş olaraq “mәnfәәtlәrinә xidmәt etdiyi” әsas ictimai qüvvə olan xalqına yanğı dolu sevgisini də, onun azadlıq vә tәrәqqi yoluna çıxması üçün yorulmadan etdiyi çağırışlarını da.

Tamaşaçını memuar və xronologiya ilə yormaq istəməyən ssenarist və rejissorun bu cəhdində müəyyən mübahisəli məqamlar da var idi. Xüsusən ədibin şəxsi həyatı ilə bağlı faktlara yer verərkən müəyyən məqamlarda ömür yolundan keçən qadınlarla bağlı qeydlərin çoxluğu, hətta bu detallar üzərindən onun yaradıcılıq nümunələrinə rakurs əsas ideyanı və qəhrəmanı arxa plana keçirirdi.

Amma ümumilikdə onun 1925-ci ildə yazdığı “Xatiratım”dakı məqamlardan əsərlərinin səhnədə əbədiləşən qəhrəmanlarınadək təyin edilən ardıcıllıqda səthilik elə də çox deyildi.

“Sorağı XXI əsrdən gələn oxucum” xitablı mirzə bizi yenidən öz həqiqətinə, qaranlıqlara işıq salan arzularına, onların yazıya tökülən nuruna bələdi. Yenidən onun maarifçilik arzusunu, xurafata etirazını, təəssübkeş yanğısını, həyatın bütün ağrılarına cəsarətli müqavimətini fərqli ştrixlərlə gördük.

“Bu xalq mənə gülmək öyrətdi” deyən və hər gülüşündə daha dərin kədərini gizlədən Mirzə Cəlilin “Dəli yığıncağı”, dini fanatizmi darmadağın edən “Ölülər” pyeslərindən seçkin səhnəciklər də filmin ümumi təsirini artırmışdı. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor və quruluş heyətinin filmin yaradıcı heyəti ilə orqanik işi canlı təsəvvür baxımından maraqlı idi.

H.NİZAMİQIZI