Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şairə-dramaturq Azadə Talehin “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyasını təqdim edib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev təqdimatdan öncə çıxış edərək bildirib ki, İrəvan teatrı həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verir. Kompozisiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib.

Tədbirdə Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı Mehriban Əliyeva və başqa çıxış edənlər Xocalı faciəsindən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərindən danışıblar.

Sonra “Xocalıya ədalət!” kompozisiyası nümayiş olunub. “Mistik ritual” formasında hazırlanan tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur. Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev, Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc Hüseynova, Sevinc Bəxtiyar və başqalarının iştirak etdiyi səhnə əsəri maraqla qarşılanıb.