Sənət yolu səhnədən başlayıb kinoekranda şöhrət tapan sənətkarlardan söz düşəndə ilk xatırlanan aktyorlardan biri də Əməkdar artist Əlisəttar Məlikovdur.

O, 15 mart 1892-ci ildə Bakıda dünyaya göz açıb. Güzəranın çətinliyi üzündən orta təhsilini davam etdirə bilmir. Ancaq erkən çağlardan teatra maraq göstərir və Türk İşçi Teatrında işə qəbul olunur. Bir çox səhnə əsərlərində yaddaqalan obrazlar yaradır, tamaşaçıların qəlbinə yol tapır.

Onun kinoya gəlişi isə 30-cu illərin əvvəlinə təsadüf edir. 26 Bakı komissarı haqqında bədii filmin çəkilməsi üçün Gürcüstandan rejissor N.Şengelaya kinostudiyaya dəvət olunur. O, filmə aktyor seçərkən Türk İşçi Teatrında Əlisəttar Məlikovun da ifasını bəyənir və onu çəkiliş qrupuna daxil edir. Beləcə o, sənət həyatını kinematoqrafiyaya bağlayır. 1934-cü ildə isə rejissor M.Mikayılovun “İsmət” filmində bortmexanik Məmmədov roluna çəkilir.

Bu ərəfədə görkəmli dramaturq Cəfər Cabbarlı eyniadlı əsəri əsasında yazdığı “Almaz” ssenarisini lentə almağa hazırlaşır və Barat roluna Ə.Məlikovu təsdiq edir. Lakin Cabbarlı qəfil vəfat etdiyindən filmin çəkilişi ləngiyir. Filmə rejissorlar A.Quliyev və Q.Bakinski quruluş verirlər və Ə.Məlikov Barat rolunda çəkilir.

1938-ci ildə lentə alınan “Bakılılar” filmində (rejissor V.Turinin) aktyor əsas rollardan birini – fəhlə Cəfərin dostu obrazını yaradır. “Kəndlilər” filmində (1939, rejissor S.Mərdanov) aktyor baş qəhrəman aşıq Göydəmirin silahdaşı Rəhimi canlandırır. O, obraza xas olan nikbin əhval-ruhiyyəni, xarakterindəki insani keyfiyyətləri məharətlə yaradır.

Kinoşünas Aydın Kazımzadə araşdırmasında qeyd edir ki, Ə.Məlikov ifa etdiyi bütün rollarda obrazın daxili aləmini, onun həyata baxışını açmağa çalışıb. Aktyor neftçilərin həyatından bəhs edən “Yeni horizont” filmində (1940, A.Quliyev və Q.Branginski) Rüstəm Abbasov rolunu oynayıb. Sonrakı illərdə “Bəxtiyar” qısametrajlı filmində (1942) poçtalyon və “Bir ailə” kinoalmanaxında dalğıc Məmməd rollarına çəkilib. Rejissor Yefim Dziqan 1947-ci ildə  “Fətəli xan” tarixi-bioqrafik filmini çəkərkən aktyoru Hüseyn xan roluna təsdiq edir. Filmə baxarkən tamaşaçıya elə gəlir ki, o, aktyor yox, həqiqətən, Hüseyn xanın özüdür.

Ə.Məlikov peşəkar aktyor kimi keçmiş ittifaq respublikalarından da çəkilişlərə dəvət alıb. “Türkmənfilm” kinostudiyasının istehsal etdiyi “Mən qayıdacağam” bədii filmində Qurban, “Mosnauçfilm” kinostudiyasının çəkdiyi “Qazma rejimi” elmi-kütləvi filmində qazma ustası roluna çəkilib.

Sənətkarın rejissorluq fəaliyyəti də olub. Kinorejissor Hüseyn Seyidzadə 1954-cü ildə Ə.Məlikova verdiyi xasiyyətnamədə yazır: “Əməkdar artist Əlisəttar Məlikov “Doğma xalqımıza” rəngli filmində rejissor assistenti vəzifəsində çalışıb. Onun istehsalat təcrübəsi böyükdür. Bədii kinematoqrafiya sahəsində professional səriştəyə, rejissor assistenti üçün vacib olan təşkilatçılıq bacarığına malikdir”.

Onu da deyək ki, Ə.Məlikov “Doğma xalqımıza” bədii-sənədli filmindən başqa, “Almaz”, “Kəndlilər”, “Bəxtiyar”, “Sualtı qayıq T-9”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Mahnı belə yaranır”, “Kölgələr sürünür”, “Böyük dayaq” kimi bədii və bir neçə sənədli filmdə rejissor assistenti, “Bir qalanın sirri” film-nağılında isə ikinci rejissor işləyib. Sənətkar 26 mart 1971-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV