Leonardo Di Kaprio "Qızıl qlobus"dan sonra BAFTA mükafatını da qazandı
Fevralın 14-də Londonda "Covent Garden" kral teatrında 69-cu BAFTA kino mükafatlarının təqdimat mərasimi keçirilib.
Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (The British Academy of Film and Television Arts - BAFTA) mükafatları “Oskar” və “Qızıl qlobus”dan sonra kino dünyasında üçüncü nüfuzlu mükafat sayılır. Zamanlama baxımından isə BAFTA “Oskar”a doğru yolda son sınaq mərhələsi hesab olunur.
Britaniyanın əsas kino mükafatının qırmızı xalısı üzərində Leonardo Di Kaprio, Keyt Uinslet, Keyt Blanşett, Alexandro Qonsales İnyarittu, Bri Larson, Maykl Fassbender, Runi Mara, Alisiya Vikander, Eddi Redmeyn kimi ulduzlar görünüblər.
Mərasimin əsas mükafatçıları isə bu cür sıralanıb.
Ən yaxşı film: "Sağ qalmış".
Ən yaxşı aktrisa: Bri Larson ("Otaq").
Ən yaxşı aktyor: Leonardo Di Kaprio ("Sağ qalmış").
Ən yaxşı ikinci plan aktrisası: Keyt Uinslet ("Stiv Cobs").
Ən yaxşı ikinci plan aktyoru: Mark Raylens ("Casus körpüsü").
Ən yaxşı rejissor: Alexandro Qonsales İnyarittu ("Sağ qalmış").
Ən yaxşı operator işi: Emmanuel Lyubetski ("Sağ qalmış").
Ən yaxşı bəstəkar: Ennio Morrikone ("İyrənc səkkizlik").
Beləliklə, XIX əsr Amerika həyatından bəhs edən ("Sağ qalmış") "Ən yaxşı film", filmdə baş rolun ifaçısı Leonardo Di Kaprio "Ən yaxşı aktyor" seçilib. Eyni zamanda bu film "Ən yaxşı rejissor", "Ən yaxşı kinematoqrafiya işi", "Ən yaxşı səs" nominasiyalarında da qalib gəlib.
Xatırladaq ki, Leonardo Di Kaprio yanvarın 11-də ABŞ-ın kino sahəsində “Oskar”dan sonra ikinci nüfuzlu müsabiqəsi sayılan "Qızıl qlobus" mükafatını qazanmışdı. Bu, məşhur aktyorun üçüncü “Qızıl qlobus”udur. İndi məşhur aktyorun pərəstişkarları onun, nəhayət, çoxdan arzulanan “Oskar”ı qazanıb-qazanmayacağını həyəcanla gözləyirlər.