İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision 2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Rotterdamda (Niderland) keçiriləcək yarışmada ölkəmizi Samirə Əfəndi təmsil edəcək.
Təmsilçimizin seçilməsi üçün qapalı kastinqdə Samirə Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər. Təmsilçi musiqi prodüserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu ekspertlər qrupunun səsverməsi əsasında müəyyən edilib.
Daha öncə də “Eurovision” müsabiqəsinin milli seçim mərhələsində iştirak edən Samirə Əfəndi “Yeni ulduz”, “Böyük səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi musiqi layihələrində iştirak edərək güclü vokal imkanları ilə yadda qalıb. 2017-ci ildə Almatıda “Silk Way Star” vokal televiziya layihəsində 3-cü yeri qazanıb.
Qeyd edək ki, “Eurovision 2020” müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi mayın 16-da Rotterdamdakı “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.