10 mart Milli Teatr Günüdür
Real həyatın ən mükəmməl, canlı və estetik təsviri sayılan teatr bütün zamanlarda insanlığın saflaşmasına, yüksək bəşəri ideyalara xidmət edib. Bu mənada zəngin ənənələri olan Azərbaycan teatrı da haqlı olaraq qürurlanmalıdır.
Mütərəqqi ziyalıların meydanlarda yaranan xalq teatrını peşəkar səviyyəyə yüksəltmələri və bunun üçün zaman-zaman mübarizə aparmaları ehtirama layiqdir.
Martın 10-da Azərbaycanda peşəkar milli teatrın yaranmasının 147 ili tamam olur. 1873-cü ilin həmin günündə Bakıda böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib.
Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərlərində, eləcə də Tiflisdə və İrəvanda teatr tamaşaları təşkil edir və beləcə, onu kütləvi sənət növünə çevirməyə çalışırdılar.
10 martın Milli Teatr Günü kimi qeyd olunması həm teatra, həm də onu yaradan və yaşadanlara sevgi və ehtiram deməkdir. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncam dövlətin bu zəngin tarixə, ümumilikdə teatr sənətinə diqqətinin bariz nümunəsidir.
Teatr ictimaiyyətinin, teatrsevərlərin bayramı – 10 mart bu dəfə bir sıra premyeralar, sənət axşamları ilə qeyd olunacaq.
Akademik Milli Dram Teatrı öz ənənəsinə sadiq qalaraq bu bayram günündə də – 147 il öncə ilk dəfə səhnələşdirilən əsərlə, “Lənkəran xanının vəziri” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Klassik əsər 2011-ci ildə Əməkdar incəsənət xadimi, mərhum Vaqif İbrahimoğlunun verdiyi quruluşda təqdim olunacaq.
Həmin gün yolunu Teatr Xadimləri İttifaqından salanlar isə əsas zalda (saat 15:00) təşkil olunacaq bayram tədbirinə qatıla bilərlər.
Akademik Musiqili Teatr isə Milli Teatr Gününü də premyera ilə qeyd etməyə hazırlaşır. Bəstəkar Səid Rüstəmov və yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” musiqili komediyası Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda nümayiş etdiriləcək. Əsər 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif quruluşlarda bu teatrın səhnəsində göstərilib və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Yuğ Dövlət Teatrı da tamaşaçılarını premyera ilə təbrik edəcək. Yaradıcı heyət rumın dramaturqu Matey Vişnekin “Qoca kloun tələb olunur” birpərdəli pyesini “Kloun bizzZ” adı ilə tamaşaçı ilə görüşdürəcək. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
Azərbaycan Dövlət Kukla Teatrı da 10 martda premyera ilə uşaqları sevindirəcək. Rus şairi Aleksandr Puşkinin yaradıcılığına müraciət edən kollektiv “Balıqçı və balıq haqqında nağıl”ını “Qızıl balıq” adı ilə təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.
Son illər yaranan müstəqil teatrlardan “Laçın” teatr-studiyası da 10 martı səhnədə bayram edəcək. Studiyanın “Arzular bağı”nı izləmək istəyənlər Dövlət Mahnı Teatrına baş çəkə bilərlər.
Gününü musiqi ilə yaddaqalan etmək istəyənlər üçün isə Şuşa Dövlət Musiqili Dram Teatrı rəngarəng konsert vəd edir.
HƏMİDƏ