“Məhəbbət əfsanəsi” baletinin 13, 15 və 16 mart tarixində Heydər Əliyev Sarayında nəzərdə tutulan nümayiş tarixi dəyişdirilib.
Görkəmli bəstəkar Arif Məlikovun dünya səhnələrini dolaşmış əsəri doğma şəhərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə səhnəyə qoyulub. Tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı truppasının iştirakı ilə hazırlanıb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Dünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayında tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bununla əlaqədar olaraq baletin təqdimat tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcək. Alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.