Azərbaycan Milli Xalça Muzeyində onlayn sərgi açılıb
Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı oldu.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbirdə çıxış edərək sərgi haqqında məlumat verdi. Bildirdi ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Ziyarətçilərimiz internet vasitəsilə real zaman rejimində muzeyin sosial şəbəkə səhifəsindən bizi izləyə bilərlər.
Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, muzeydə milli mədəniyyətimizin qiymətli nümunələri nümayiş olunur. Fikrət Babayev ilk virtual sərgi münasibətilə muzeyin kollektivini təbrik etdi, uğurlar arzuladı.
Daha sonra sərgi təqdim edildi. Muzeyin direktoru sərgidə nümayiş olunan xalça nümunələrinin hər biri haqqında məlumat verdi. Dedi ki, sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə edilən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunur. Bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilib, həmçinin özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub. Ümumilikdə son üç ildə muzeyin kolleksiyalarına 68 əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Bu gün təqdim olunan nümunələrdən 21 eksponat ilk dəfə sərgilənir.
Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur “Sothebys” hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu bəzəklər XIX əsrə aiddir. Bu əşyalar öz üslub xüsusiyyətlərinə görə muzeyin zərgərlik kolleksiyasında yer alan eksponatlar arasında unikal nümunələrdir.
Ş.Məlikova dedi ki, ABŞ vətəndaşları Hilari-Dumas Jones və Jay Jones tərəfindən muzeyə hədiyyə edilən Quba xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan “Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur: “Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına özləri qədər böyük etibar etdiklərinin göstəricisidir. Muzeyimiz dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və s. digər qurumlarla sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə muzeyin ekspozisiyasında layiqli yer tutur”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov sərgidə nümayiş olunan “Muğan” xalçası haqqında məlumat verdi.
Muzeyin Elmi tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova isə nümayiş olunan zərgərlik məmulatlarının tarixi və xüsusiyyətləri ilə bağlı çıxış etdi.
Tədbirdə həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirildi. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumat yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.
“Zənginləşən xəzinəmiz” sərgisi martın 26-dək ziyarətçilər üçün açıq olacaq.
LALƏ