Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsal etdiyi “Suğra və oğulları” filmi bu il tamaşaçıların ixtiyarına veriləcək.

Bakı Media Mərkəzindən bildirilib ki, çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətləri ilə yaxından əməkdaşlıq edilən filmdə II Dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur.

Ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minneboa (Niderland), quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya) olan filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, ağır əziyyətlərlə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.

Ekran əsərində tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Onlar Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında”, “Son iclas” , “Miras” və s. kimi filmlər yer alır.