Azərbaycanın və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Rusiya Teatr Xadimləri İttifaqının “Teatr sənətinə xidmətlərinə görə” yüksək medalı ilə təltif olunub.
Medal Bəhram Osmanova fevralın 28-də Batır Basanqov adına Kalmık Milli Dram Teatrında quruluş verdiyi “Kasatka” tamaşasından sonra təqdim edilib. Bu, Kalmık Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri olan rejissorun quruluş verdiyi üçüncü tamaşadır.
Daha öncə yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” və “Gözlə məni” pyeslərinə Kalmık Milli Teatrında quruluş verən Bəhram Osmanov bu dəfə Aleksey Tolstoyun yaradıcılığına müraciət edib.
Fevralın 26-da “Kasatka” tamaşasına ilk baxış keçirilib. Kalmıkiya Respublikasının Mədəniyyət naziri və Kalmıkiya Teatr Xadimləri İttifaqı sədrinin də izlədiyi səhnə əsəri yüksək qiymətləndirilib. Fevralın 28-29-da isə tamaşanın premyerası olub.