Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rus yazıçısı Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.
Teatrın rus bölməsində hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Ostrovskinin məşhur əsərinin Akademik Musiqili Teatrda səhnələşdirilməsinin teatr məkanında əlamətdar hadisə olacağını deyən direktor Əliqismət Lalayev diqqətə çatdırıb ki, rejissor İradə Gözəlova daha öncə bu səhnədə Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” tamaşalarına quruluş verib: “Rejissorun ölkəmizin hüdudlarından kənarda qoyduğu tamaşaların xoş əks-sədası da bizi çox sevindirir”.
“Cehizsiz qız” tamaşasının musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanovadır.
Rolları Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Nahidə Orucova, Almaz Ələsgərova, aktyorlar Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları ifa edəcəklər.
Qeyd edək ki, Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi sovet dövründə Akademik Milli Dram Teatrında və Akademik Rus Dram Teatrında tamaşaya qoyulub.