AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında (Kürdəmir) tanınmış ictimai xadim, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı əsərlərində xalqımıza məxsus mənəvi dəyərləri, folklor ənənələrini qoruyub saxlayan şairin yaradıcılığından bəhs edib.

Sonra Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli film nümayiş olunub.

Kürdəmir rayonu Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “Zəlimxan Yaqub və xalq yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edərək, şairin mənəvi xəzinəmizə bəxş etdiyi poeziya incilərindən söz açıb.

Muzeyin əməkdaşı Tofiq Abdullayev, yazıçı-publisist Əlisəfa Azayev, Ağaməhəmməd Hacıyev Azərbaycan poeziyasında xüsusi yeri olan Zəlimxan Yaqub haqqında xatirələrini bölüşüblər.

Sonda şairin poeziyasından nümunələr səsləndirilib.