Almaniyanın paytaxtı Berlində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, idmanı və turizm potensialı barədə məlumat verib.
Konsertdə Almaniyada yaşayan, bu ölkənin “The Voice” (“Səs”) müsabiqəsində ifası ilə yerli tamaşaçıları heyran qoyan həmyerlimiz Seyran İsmayılxanov Azərbaycan mahnılarını ifa edib. Mahnıların sözləri Mirijam Vanneste-Vratz tərəfindən alman dilinə tərcümə edilib. Bu, tamaşaçıların böyük marağına səbəb olub.
Musiqili gecədə, həmçinin Köln şəhərində fəaliyyət göstərən Qafqaz Rəqsləri Qrupu və fortepiano ifaçısı Esmira Arzhang çıxış edib.
Almaniyada fəaliyyət göstərən “Spirit of Caucasus” şirkətinin rəhbəri Anja Bell konsertə göstərilən təşkilati dəstəyə görə minnətdarlığını bildirib.