Martın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının növbəti nümayişi vaxtilə bu tamaşada çıxış etmiş Xalq artisti Xuraman Hacıyevanın 75 illiyinə həsr olunub.
Tamaşadan əvvəl Xuraman Hacıyevanın həyat və sənət yolu haqqında məlumat verilib. Xalq artistləri Tariyel Qasımov, Nübar Novruzova, Əməkdar artist, rejissor Nicat Kazımov və digər çıxış edənlər mərhum aktrisanın yaratdığı obrazlardan söhbət açıblar.
Bildirilib ki, 1945-ci il martın 7-də Bakıda anadan olan Xuraman Hacıyeva 1965-ci ildə ekranlaşdırılan “Arşın mal alan” bədii filmində Asya rolu ilə şöhrət qazanıb. Aktrisa 1972-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında çalışıb. Xuraman Hacıyeva teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. O, teatrdakı fəaliyyətinə görə 1979-cu ildə “Əməkdar artist”, 1999-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Aktrisa 2005-ci il fevralın 15-də vəfat edib.
Sonra səhnə əsəri nümayiş olunub.
Xalq artisti Cənnət Səlimovanın quruluşunda izlənən tamaşada əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqaları canlandırıblar.