Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “Boston Consulting Group” şirkətinin direktoru Eduard Çerkin ilə görüşüb.
E.Çerkin agentliyin innovativ inkişaf sahəsində məqsədləri, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik bazası, Azərbaycanın dünya miqyasında innovasiya üzrə daha çox hansı sahələrdə ixtisaslaşması ilə maraqlanıb.
K.İmanov agentliyin Azərbaycanda əqli mülkiyyət sahəsində vahid tənzimlənməni və nəzarəti həyata keçirən dövlət qurumu olduğunu diqqətə çatdırıb, qurumun ölkə başçısı tərəfindən həyata keçirilən islahatlar prosesinə dəstək verdiyini bildirib. O, Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasında yer aldığını qeyd edərək Əqli Mülkiyyət Agentliyi tərəfindən yeni startapların yaranmasının təşviqi üçün müxtəlif tədbirlər həyata keçirildiyini, eyni zamanda “Microsoft”, “Trimble Tekla”, “Oracle” kimi iri şirkətlərlə əməkdaşlıq edildiyini bildirib.
Görüşdə innovasiyaların yaradılması, tətbiqi və onların gəlir gətirməsi ilə bağlı agentlik tərəfindən aparılmış tədqiqatın nəticələri barədə ətraflı məlumat verilib. Qonağa qurumun əqli mülkiyyətin kommersiyalaşdırılması və innovasiyalara dəstək sahəsində nəşr etdirdiyi kitablar və maarifləndirmə materialları təqdim edilib.