Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin kompleks inkişafına dair proqrama Dərbənd Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işləri də daxil edilib.
Proqram çərçivəsində Dərbənddə park və bağların, küçələrin təmiri və yenidən qurulması həyata keçirilir. Şəhərdəki Mirzə Kazım bəy küçəsi, Nizami Gəncəvi adına park və digər obyektlərin təmiri davam etdirilir.
Proqram çərçivəsində Dağıstan hökuməti Azərbaycan Dram Teatrının yerləşdiyi torpaq sahəsini Dərbənd Şəhər Administrasiyasının mülkiyyətinə verib. Hazırda binanın bərpası üçün tədbirlər görülür. Dərbəndin meri Hizri Abakarov özünün sosial şəbəkədəki hesabında yazıb ki, teatr binasının bərpasına dair sənədlər hazır olandan sonra tender keçiriləcək və tikinti işlərinə başlanılacaq.
Dərbənddə Azərbaycan xalq teatrı 1904-cü ildə yaradılıb. 1927-ci ildə teatr dövlət statusu alıb. O zaman teatrın baş rejissoru İsmayıl Dağıstanlı olub. 40-cı illərdə teatr maliyyə çətinlikləri üzündən bağlanıb, 1950-ci illərin əvvəllərindən fəaliyyətini davam etdirib.