Xəbər verildiyi kimi, Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Yevlax şəhər 1 saylı Uşaq musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi İlqar Əhmədovun rəhbərlik etdiyi “Kür” estrada qrupu ötən ilin sonlarında Rusiya Federasiyasının Kislovodsk şəhərində konsert proqramı ilə çıxış etmişdi.
Yevlax musiqiçiləri məşhur kurort şəhərində fəaliyyət göstərən soydaşlarımızın “Araz” regional ictimai cəmiyyətinin dəvəti ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı tədbirinə qatılmışdılar.
“Qonaqpərvər Kislovodsk” festivalına təsadüf edən konsertin sonunda “Kür” estrada qrupunun kollektivinə və rəhbərinə Kislovodsk şəhərinin meri A.Kurbatovun, “Araz” regional ictimai cəmiyyətinin sədri K.Əsədovun və Stavropol diyarının azərbaycanlı diaspor təşkilatının rəhbəri A.Musayevin imzaladığı fəxri fərman və minnətdarlıq məktubları təqdim olunmuşdu.
Səfər zamanı Yevlax şəhər 1 saylı Uşaq musiqi məktəbi ilə Kislovodsk şəhərinin musiqi məktəbi arasında yaradıcılıq, dostluq əlaqələri barədə razılıq da əldə edilmişdi.
Konsertin uğurları bu günlərdə Bərdə Regional Mədəniyyət İdarəsinin Şura toplantısında müzakirə olunub.
İlqar Əhmədov konsert barədə təəssüratlarını söyləyib, Stavropol diyarı üzrə azərbaycanlı diasporunun rəhbərinin imzaladığı minnətdarlıq məktubunu regional idarənin rəisi İlyas Hacıyevə təqdim edib.
Şura toplantısında musiqi məktəbinin uğurları təqdir edilib, kollektiv fəxri fərmanla mükafatlandırılıb.
İlqar Əhmədov bildirib ki, “Kür” estrada qrupu bu ilin iyun ayında yenidən Stavropol diyarında qastrol səfərinə dəvət olunub. Qrup bu dəfə Kislovodsk şəhərindən savayı Pyatiqorsk, Jeleznavodsk və Yessentuki şəhərlərində də konsertlər verməyi planlaşdırır.