Xətai Sənət Mərkəzində həkim, həvəskar rəssam İlqar Mustafayevin “Həkim qəlbinin palitrası” adlı fərdi rəsm sərgisi açılıb.
Mərasimdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov nümayiş olunan əsərlərlə bağlı təəssüratlarını bölüşüb. O, sərgidəki heç bir əsərin bir-birinə bənzəmədiyini və hər birinin məna kəsb etdiyini deyib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tarix boyu müxtəlif peşə sahiblərinin təsviri sənətlə məşğul olduqlarını bildirərək sərginin önəmini qeyd edib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov təsviri sənətin populyarlaşdırılması naminə qeyri-peşə sahiblərinin bu sahəyə münasibətini müsbət qiymətləndirib, müəllifə uğurlar arzulayıb.
Sonda müəllif tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib. Qonaqlar sərgi ilə tanış olublar.