Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Abbasovun “Qaraca qız”  baletinin tamaşası keçiriləcək. Tamaşa müəllifin 100 illik yubileyinə həsr olunub.

Bəstəkarın 1965-ci ildə Süleyman Sani Axundovun məşhur əsəri əsasında yazdığı   “Qaraca qız” Azərbaycanda ilk milli uşaq baletidir. Əsər həyatda bir çox çətinliklər və ədalətsizliklə qarşılaşan balaca Tutunun – Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Qaraca qız hər şeyə rəğmən insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri ömrünün sonunadək qoruyub saxlayır.

Balet tamaşasında Əməkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və digərləri çıxış edəcəklər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru beynəlxalq müsabiqə laureatı Orxan Həşimovdur.