C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində şair-dramaturq İftixar Piriyevin “Eşqin tikan dairəsi” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib.
Layihə mədəni əlaqələrin inkişafı və təbliğ edilməsi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Azərbaycan Dram Teatrı arasında bağlanan memoranduma əsasən həyata keçirilib.
Dərbənd Dövlət Azərbaycan Dram Teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı Əməkdar artist Sərvər Əliyev, musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rollarda İrəvan teatrının aktyorları Pərvin Dadaşova, Anar Buludov, Dərbənd teatrının aktyorları – Dağıstanın əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov və Rahilə Ömərova çıxış ediblər.
Səhnə əsərinin nümayişindən sonra Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hacıyev və Kumuk Dram Teatrının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Skandarbek Tulparov çıxış edərək tamaşa haqqında fikirlərini bölüşüb və səhnə əsərinin yaradıcı heyətinə uğurlar arzulayıblar.