Xəbər verdiyimiz kimi, dünyanın 100-dən çox ölkəsində qeydə alınmış koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları tərəfindən zəruri profilaktik tədbirlər həyata keçirilir.
Ölkəmizin təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, teatrlarda tamaşaların nümayişi, konsertlər təxirə salınıb. Paytaxtımızın əsas kino nümayişi müəssisləri ilə əlaqə saxlayıb bu istiqamətdə görülən işlərlə maraqlandıq.
Nizami Kino Mərkəzindən bildirildi ki, bütün zallar Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən dezinfeksiya olunub. Virus təhlükəsi ilə əlaqədar mərkəzin böyük zalı bağlanıb, kiçik zallar isə fəaliyyətini davam etdirir.
“Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verildi ki, virusla bağlı hər iki nümayiş məkanında dezinfeksiya işləri aparılıb. “CinemPlus”un əməkdaşının sözlərinə görə, kino seansları davam etdirilir.
Nurəddin MƏMMƏDLİ