Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid pilot, mayor Murad Məmmədovun (1986-2021) anım gününə həsr edilmiş “Biz sizdən öyrənirik qəhrəmanlığı” adlı tədbir keçirilib.
Tədbirdə rəsmilər, şəhidin ailə üzvləri, şəhid ailələri, Vətən müharibəsi veteranları, 278 və 279 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid pilotun həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər bildiriblər ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır, eyni zamanda hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu həm şərəfli, həm də hər kəs üçün nümunəvi yoldur. Əsrlər ötəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq bizə Qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canını fəda etmiş Vətən övladlarımızı heç vaxt unudulmayacaq.
Qeyd olunub ki, Murad Məmmədov orta məktəbdə oxuyarkən eyni zamanda Tofiq İsmayılov adına Uşaq-gənclər yaradıcılıq mərkəzində rəssamlıq üzrə təhsil alıb. Onun fərdi sərgisi də təşkil edilib.
Tədbirdə iştirak edən şəhidin sinif yoldaşları və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.
Bədii hissədə şeirlər səsləndirilib, musiqilər ifa olunub, kompozisiyalar, səhnəciklər və rəqs nömrələri təqdim edilib.
Sonda tədbir iştirakçıları Murad Məmmədovun rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, Murad Məmmədov 30 noyabr 2021-ci il tarixində Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçidən biridir. Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.
Xatırladaq ki, M.Məmmədov 44 günlük Vətən müharibəsində iştirak etmiş, dövlət başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdu.