Daxili turizmə həsr olunmuş kampaniyanın təqdimatı

Martın 11-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ictimaiyyətə ölkədaxili turizm kampaniyası təqdim olunub.

“Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.

Kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbi şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar.

Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcək.

Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən azerbaijan.travel saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib. Yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında ətraflı məlumat verməklə yanaşı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar yaradır.

Tədbirdə Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi də təqdim edilib, media nümayəndələrinin sualları cavablandırılıb.

Koronavirus təhlükəsi qlobal turizmə təsirsiz ötüşməyib. Bu, çox təəssüfləndirici haldır.

Bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib. O, yaranmış vəziyyətdə qarşıya qoyulan məqsədləri də açıqlayıb: “Birinci məqsəd bu ağır vəziyyəti birlikdə keçmək və tərəfdaşların yanında olmaqdır. İkincisi, bu vəziyyətin yaratdığı iqtisadi və sosial problemləri ən minimum formada keçməkdir. Üçüncüsü isə çalışırıq ki, vəziyyət yenidən normallaşanda Azərbaycan yenidən insanların səyahət etmək istədiyi əsas məkanlardan biri olsun. Bu həm də qarşıdan gələn çətinlikləri birgə aşmaq üçün bir fürsətdir”.

“Koronavirusla bağlı hazırkı vəziyyəti nəzərə alaraq strategiyamıza müəyyən dəyişikliklər etmişik”, – deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. Onun sözlərinə görə, bu dəyişiklik cari ilin birinci yarımilliyində olan fəaliyyətlər üçün nəzərdə tutulub: “Müxtəlif sərgilərdə iştirak, tədbirlərin təşviq olunması üçün təkliflər etmişik. Mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza müvafiq dəyişikliklər etməyə davam edirik. Müəyyən layihələri rəqəmsal platforma üzərindən çatdırmağı planlaşdırırıq. Bir daha yenidən düşünək, təklif etdiyimiz məhsulları daha da yaxşılaşdıraq”.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə qeyd edib ki, koronavirus təhlükəsinə görə dünya turizmində 30-40 faizə qədər azalma müşahidə olunur: “Məlumatlar gündəlik olaraq dəyişir. Hazırda panika üçün səbəb yoxdur. Bizim daxili turizm üzrə layihələrimizdə dəyişiklik yoxdur və bütün layihələr öz axarı ilə davam edir”.