AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib.
İclası şuranın sədri, akademik Rafael Hüseynov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Şura sədri humanitar elmin prioritet istiqamətlərində araşdırmalar aparılmasının, yeni tədqiqatların müasir dünya elminin tələblərinə uyğunlaşmasının zəruriliyini qeyd edib.
Sonra doktorant və dissertantların tədqiqat mövzuları müzakirə olunub.
Elmlər doktorluğu hazırlığı üzrə AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı Rübabə Şirinovanın təqdim etdiyi mövzu “XVII-XIX əsrlərə aid ərəbdilli dini-fəlsəfi əlyazma mətnlərinin paleoqrafik xüsusiyyətləri və müqayisəli tədqiqi” şəklində qeydə alınıb. AMEA Gəncə Bölməsinin dissertantı Aləmzər Tağıyevanın “Nizami Gəncəvinin həyat və yaradıcılığı rus elmi-nəzəri fikrində” mövzusu tədqiqat obyekti kimi elmlər doktorluğu üçün bəsit olduğundan təsdiqlənməyib, dissertanta müvafiq tövsiyələr verilərək mövzusunun qeydiyyata alınması növbəti iclasa saxlanılıb.
Fəlsəfə doktorluğu proqramı üzrə müraciət etmiş Əlyazmalar İnstitutunun doktorantı Novruz Bəkirovun “Molla Cümə əsərlərinin əlyazma nüsxələrinin müqayisəli-tekstoloji tədqiqi”, Folklor İnstitutunun doktorantı Ülkər Yusifovanın “Azərbaycan folklorunda dərviş obrazının tipologiyası” mövzuları qeydiyyata alınıb.
Həmçinin “XX əsrin əvvəllərinin Azərbaycan mətbuatında dərc edilmiş felyetonların təsnifatı və səciyyəvi xüsusiyyətləri” (Əlyazmalar İnstitutunun dissertantı Samirə Quliyeva), “Məhəbbət dastanlarının formalaşmasında yazılı ədəbiyyatın rolu” (BDU-nun doktorantı Aynurə Qurban), “Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi” (Əlyazmalar İnstitutunun dissertantı Leyla Quliyeva) mövzuları müəyyən konkretləşdirmə və plan-prospektlərində dəyişikliklər aparılması tövsiyə edilərək qeydiyyata alınıb.
Müzakirələrdə şuranın sədr müavini, professor Mehdi Kazımov, katibi, professor Aida Qasımova, üzvlər – AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya üzrə elmlər doktorları, professorlar Şəfəq Əlibəyli, Kamil Allahyarov, Azadə Musayeva, Tofiq Məlikov, Paşa Kərimov, Seyfəddin Rzasoy, Tərlan Quliyev, Kamandar Şərifov iştirak ediblər.