Koronavirus təhlükəsi ilə əlaqədar tamaşa nümayişini dayandırmış digər teatr və konsert müəssisələri kimi S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da cari işlər, məşqlər davam edir. Mart ayının 27-dək (yeri  gəlmişkən, 27 mart Beynəlxalq Teatr Günüdür) teatrda tamaşa oynanılmayacaq. Martın 28-dən teatrın əvvəlki rejimdə fəaliyyətini davam etdirməsi gözlənilir.

Teatrın direktor müavini İlham Məmmədov bizimlə söhbətində bildirdi ki, hazırda kollektiv yeni tamaşalar üzərində çalışır, cari repertuarda olan səhnə əsərlərinin məşqləri gedir.

Teatrsevərlər premyerası martın 15-nə nəzərdə tutulmuş “Stalin” tamaşasını ilk dəfə aprel ayında seyr edə biləcəklər. Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanan tamaşa dövlət sifarişi ilə səhnələşdirilib. Tamaşanın quruluş heyəti isə Rusiyadandır: quruluşçu rejissor Kirill Zaborixin, quruluşçu rəssam Tatyana Melnikova, bəstəkar Andrey Şoşkindir. Əsasən teatrın gənc aktyorlarının rol aldığı “Stalin” tamaşası ilə yanaşı, mövsümün sonunadək təhvil veriləcək daha iki yeni tamaşa üzərində iş gedir.

Üstəlik, aprel ayında teatr həm qonaq qəbul etməyə, həm də qonaq getməyə hazırlaşır. Kollektiv Sankt-Peterburqda Bernard Şounun “Milyonçu qadın” pyesi ilə (quruluşçu rejissor – Xalq artisti Aleksandr Şarovski) çıxış edəcək. Bakıya qastrol səfərinə gələcək Həştərxan Gənc Tamaşaçılar Teatrı isə Akademik Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Bu il 100 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi həm də yubiley münasibətilə layihə və tədbirlər planı ilə məşğuldur. İlham Məmmədov bu barədə də kollektivin ümumi ovqatını ifadə edərək bunları dedi: “Biz əminik ki, virus təhlükəsinin yaratdığı bu çətinliklər müvəqqətidir və tezliklə keçmişdə qalacaq. Teatrımız yeni repertuar və yaddaqalan quruluşlar ilə tamaşaçıların görüşünə gələcək. Hazırda teatrda yeni dekorasiyalar hazırlanır, məşqlər davam edir. Nəzərə alsaq ki, əvvəlcədən tamaşalara alınmış biletləri geri qaytaran çox azdır, seyrçilər tamaşa nümayişinin  bərpa olunacağını, premyeraları səbrsizliklə gözləyirlər”.

GÜLCAHAN